Rusiyada maraqlı hadisə baş verib. Tatarıstanda 20 nəfərin milyonlarla vəsaitini oğurlamaqda şübhəli bilinən nikah fırıldaqçısı saxlanılıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Telegram kanalında məlumat yayıb.
Nazirliyin yaydığı məlumata görə, əvvəllər məhkum olunmuş həmin kişi qadınlarla tanış olaraq özünü uğurlu iş adamı kimi təqdim edirmiş. O, qurbanlarına xarici istehsal avtomobillərin satışı ilə məşğul olduğunu bildirib. Cinayəti törədən şəxs qadınları xüsusi qayğı ilə əhatə edib və onlara maşınlarının təmirini üzərinə götürmək kimi kiçik xidmətlər də göstərib.
Bir müddət sonra həmin şəxs qurbanlarına ona pulla kömək etmələri ilə bağlı müraciət edirmiş. O, bunu biznesdə guya problemlərin olması ilə izah edib və pulu tez bir zamanda qaytaracağına söz verib. Lakin kişi pulu alandan sonra yoxa çıxıb.
"Bu fırıldaqçılıq sxemindən istifadə edən şübhəli şəxs aldadılmış 20 qadının təxminən 44 milyon rublunu oğurlayıb. Eyni zamanda, polis zərərçəkmişlərdən ifadələr almağa davam edir", - Volk əlavə edib.
Tural