“Ziya yaxşı işçi idi. Bütün tapşırıqlarıma vaxtında əməl edirdi. Çox zəhmətkeş idi. Maşinist köməkçisi işlədiyi vaxtlarda heç vaxt mənim sözümdən çıxmırdı. Bu gün də mənim dediklərimə qulaq asır.”
Söhbət sabiq nəqliyyat naziri Ziya Məmmədovdan gedir. Sabıq nazirin gənclik illərinə işıq salmağa çalışdıq.
“Şöhrət” ordenli Fəxri Dəmiryolçu Nazim Abbasov da bir zamanlar eyni yataqxanada qaldığı iş yoldaşı, dostu və qonşusu ilə bağlı xatirələrini bölüşdü:
– 1970-ci ilin avqustunda mən Biləcəri Lokomotiv Deposunda maşinist köməkçisi vəzifəsində işləməyə başlamışam. 1974-cü ildə Ziya hərbi xidmətdən qayıtmışdı. O, 2 nömrəli Dəmir Yolu Liseyinin maşinist köməkçisi bölməsini bitirmişdi. Həmin ildən biz onunla yataqxanada birlikdə qalmağa başladıq. Ziya da maşinist köməkçisi işləyirdi.
O, yataqxanada 56 saylı otaqda qalırdı. Depoya gələndən bəri yalnız öz işi ilə məşğul olurdu. Həmin vaxtlar dəmir yolunda çox sərt qanunları vardı. Ziya müəllim yaxşı, səliqəli işlədiyinə görə il yarımdan sonra maşinist oldu. Dəmir yolunun bütün qanunlarını da çox tez mənimsəmişdi.
O, kasıb müəllim ailəsindən gəlmişdi. Ailədə 9 övlad idilər: 5 qardaş, 4 bacı. Ataları rəhmətlik Arzuman kişi rus dili müəllimi idi. 11 nəfərlik bir ailə uzun müddət iki otaqlı mənzildə yaşayıblar. Ziya bir ildən çox maşinist işlədi. Daha sonra Partiya Komitəsinə sədr seçildi. Bir-iki il işlədikdən sonra Həmkarlar İttifaqının, 3 ildən sonra isə Kadrlar Şöbəsinin sədri oldu. Daha sonra Dəvəçi rayonunda Lokomotiv Deposunun rəisi vəzifəsində işləməyə başladı.
O, maşinist köməkçisi işlədiyi vaxtlarda depoda aylıq iş norması 150-180 saat idi. Bundan yuxarı aylıq iş norması yox idi. O vaxtlar Ziya 450-500 saat maşinist köməkçisi işləyirdi. Heç kəs elə işləmirdi. Həmişə dəmir yolunun formasını geyinirdi.
Ziya müəllim işdə çox dəqiq olub. O vaxtlar bizim qatarlar İmişliyə, Ucara, Hacıqabula, Əlibayramlıya (indiki Şirvan) işləyirdi. 8-12 saat qatarda yol gedirdik. İşimizə görə də yaxşı əmək haqqı alırdıq. Maşinist köməkçisi olan Ziya müəllim 600-700 manat pul alırdı. Rayonun birinci katibləri isə 300 manat alırdılar. Ziya çox əziyyət çəkib. Ayda elə olurdu ki, 5-6 gecə yatırdı. Bütün günü yollarda keçirirdi.
Nazim Abbasov bir zamanlar Ziya Məmmədovla birlikdə qaldıqları yataqxana həyatlarından da söhbət açdı:
– Ziya müəllim 6 il yataqxanada qaldı. Onunla mən qonşu otaqlarda qalırdıq. Biz bir tikəni də yarı bölüb yeyirdik. Səfərlərimiz zamanı yeməyi bir boşqaba çəkib yemişik. Çox çətinliklərə dözmüşük.
Ziya qardaşı Nəriman müəllimdən sonra evin ikinci böyük oğlu idi. Digər 3 qardaş da dəmir yolunda maşinist köməkçisi vəzifələrində çalışıblar. Elton müəllimdən başqa bütün qardaşlar dəmiryolçu olublar. Nəriman müəllim Bakıda dəmir yolu vağzalında stansiya növbətçisi olub. Sonra Gəncədə dairə dispetçeri olub. Qardaşlar dəmir yolunda böyüyüblər.