Zəngəzur Koridoru regional inteqrasiyanın açarı ola bilər

Zəngəzur Koridoru regional inteqrasiyanın açarı ola bilər
12:17

Cənubi Qafqazda regional əlaqələrin gücləndirilməsi və ticarət-kommunikasiya xəttlərinin inkişaf etdirilməsi istiqamətində Zəngəzur Koridoru layihəsi mühüm rol oynayacaq. Ekspertlər hesab edirlər ki, bu koridor yalnız Azərbaycan üçün deyil, eyni zamanda Ermənistan, Türkiyə və Avrasiya üçün geniş iqtisadi və siyasi imkanlar yarada bilər.

Politoloq Sultan Zahidov News365.az-a açıqlamasında bildirib ki, Zəngəzur Koridoru layihəsi yalnız Cənubi Qafqaz üçün deyil, ümumilikdə Avrasiya üçün böyük imkanlar yarada bilər.


Onun sözlərinə görə, layihə Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, Ermənistan üzərindən də kommunikasiya kanallarını genişləndirir. Eyni zamanda, bu koridor Azərbaycan-Türkiyə və Mərkəzi Asiya-Avropa arasında alternativ ticarət və nəqliyyat əlaqələrini mümkün edir.

Sultan Zahidov layihəni İkinci Dünya Müharibəsindən sonra Almaniya və Fransada həyata keçirilən əməkdaşlıq prosesinə bənzədib. “O dövrdə iqtisadi inteqrasiya nəticəsində Avropa İttifaqının əsası qoyuldu. Zəngəzur Koridoru da regional inteqrasiyanın və davamlı sülhün təmin olunmasında eyni rol oynaya bilər”, — deyə politoloq vurğulayıb.

Ekspert əlavə edib ki, layihənin uğurla reallaşması üçün Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirməsi vacibdir. “Əsas odur ki, layihə tam şəkildə həyata keçirilsin. Kənar geosiyasi oyunlara baxmayaraq, digər aktorları layihəyə fayda qazanacaqlarına inandırmaqla maneələri aradan qaldırmaq mümkündür”, — deyə Sultan Zahidov bildirib.

Politoloq layihənin həm iqtisadi, həm ticari, həm də mədəni əlaqələrin inkişafına töhfə verəcəyini və regional əməkdaşlıq üçün vacib bir zəmində çıxış edəcəyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada