Rusiya aerodromlarına pilotsuz təyyarə hücumu Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən həyata keçirilib. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında məlumat verib.
O qeyd edib ki, SBU il yarımdan artıqdır ki, hücumlara hazırlaşırmış. Zelenskinin sözlərinə görə, əməliyyat unikallığı ilə seçilib. Onun planlaşdırılması, təşkili və bütün detalları mükəmməl şəkildə hazırlanıb. Bununla əlaqədar Ukrayna Prezidenti SBU-nun əməkdaşlarına və onun rəhbəri general-leytenant Vasil Malyuka minnətdarlığını bildirib.
Zelenski bildirib ki, Rusiya Federasiyası ərazisində əməliyyatın “ofisi” FSB-nin regional idarələrindən birinin yanında yerləşib. Hazırda əməliyyatda iştirak edənlərin hamısı Rusiya ərazisindən çıxarılıb.
Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.
Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural