"Yumroo"nu kimlər və necə məhv etdi?

"Yumroo"nu kimlər və necə məhv etdi?
09:15

Azərbaycanda dövlət qurumları süni intellekt sahəsində layihələrin icrasına başlayıblar. Artıq bu işlərini geniş şəkildə PR edirlər. Açığı, qurumların açıqlamaları da xeyli iddialıdır. Anlaşılan odur ki, bizim qurumlar milli süni intellekt platforması yaratmağı düşünür. Bilmirəm, buna nə qədər ehtiyac var və bu ideya nə dərəcədə reallaşa bilər.

Bu iddialara doğru irəliləyərkən, məncə, keçmişə baxıb ordan dərs çıxarmaq lazımdır. Məsələn, Google şirkəti aqressiv şəkildə bazara daxil olub payını böyütdüyü bir vaxtda, Azərbaycanda dövlət qurumlarının dəstəyi ilə milli axtarış sistemi ideyası ortaya atılmışdı.

Adını Yumroo qoyub, ofis və digər ləvazimatlarla təchiz edib işə start verdilər. Yerli media bu Yumroo-nun hər addımını işıqlandırırdı. Hətta yadımdadır, Yumroo platforması üzərində bloq yaradanlara aylıq 100 AZN ödəniş də edilirdi. Daha sonra ofis kiçildildi, rəhbər heyəti dəyişdi. Bir müddət reanimasiyada olan Yumroo heç cür süni nəfəs aparatından ayrılıb özünə gələ bilmədi. Kritik qərar verildi və Yumroo süni nəfəs aparatından ayrılaraq son nəfəsini verdi.

Belə platformalardan biri də Box.az poçt sistemi idi. Hər istifadəçiyə 1 GB poçt qutusu təqdim edən sistem ilk vaxtlar yerli istifadəçiləri özünə cəlb edə bilmişdi. Ancaq Gmail, Yandex kimi sistemlərin sürətli inkişafı təkcə Yahoo.comu deyil, bizim milli Box.az sistemini də sıradan çıxardı.

Göründüyü kimi, bu iki nümunə heç də uzaq olmayan milli İT tariximizdəndir. İndi son zamanlar moda halına gələn süni intellekt sistemlərini əlbəttə ki, öyrənmək və tətbiq etmək lazımdır. Sadəcə, baxmaq lazımdır ki, nəyə “milli” deyirik və nədə qlobal sistemlərdən faydalanacağıq.

Uzağa getməyək, Rusiya və Türkiyə öz milli süni intellekt sistemlərini yaratmaq üçün çalışır. Ancaq görünən odur ki, hələ bu sahədə ciddi məsafə qət edə bilməyiblər. Milli modelin yaradılıb öyrədilməsi üçün təkcə bahalı videokartlar almaq kifayət deyil. Sistem elə qurulmalıdır ki, bu gün ona yatırılan hər 1 ABŞ dolları sabah geri qayıdıb fayda versin.

Aqil Məmmədov, politoloq


Sizin reklam burada
Sizin reklam burada