Yer kürəsində yaşamaq üçün nə qədər vaxtımız qalıb? - Super qitə, qaynayan okean...

Yer kürəsində yaşamaq üçün nə qədər vaxtımız qalıb? - Super qitə, qaynayan okean...
10 Okt 2023 09:15

Sürünənlərə bənzər canlıların məməlilərə çevrilməsindən təxminən 250 milyon il keçir. İndi bir qrup elm adamı məməlilərin ən çox daha 250 milyon il yaşaya biləcəyini proqnozlaşdırır.

Tədqiqatçılar növbəti əsrdə insan qaynaqkı qlobal istiləşməni proqnozlaşdıran modellərə bənzər gələcək dünyamızın virtual simulyasiyasını yaradıb. Qitələrin hərəkəti və atmosferin kimyəvi strukturunda baş verən dalğalanmalar haqqında məlumatlardan istifadə edən bu yeni araşdırma gələcək üçün mühüm proqnozlar verib.

Bristol Universitetinin paleoklimatoloqu Aleksander Farnsvortun fikrincə, planet o qədər isti olacaq ki, biz də daxil olmaqla heç bir məməli quruda yaşaya bilməyəcək. Tədqiqatçılar müəyyən ediblər ki, iqlim üç faktora görə ölümcül olacaq: daha parlaq günəş, qitələrin coğrafiyasının dəyişməsi və karbon qazının artması.

Araşdırma qrupunun da direktoru olan Aleksander Farnsvort deyir: "Bu, planetimizi yaşanmaz hala gətirən üçlü zərbə olacaq". 

Aleksander Farnsvort və onun həmkarlarının "Nature Geoscience" jurnalında dərc olunan araşdırması bəşəriyyəti gözləyən qaranlıq gələcəyi təsvir edir.

Yeni bir super qitə yaranacaq

Alimlər onilliklərdir ki, Yer kürəsində həyatın gələcəyini proqnozlaşdırmağa çalışırlar. Astronomlar Günəşin getdikcə daha böyük və parlaq olacağını, nəticədə onun Yeri təxminən 7,6 milyard ildən sonra uda biləcəyini proqnozlaşdırırlar. Ancaq narahat olmağa dəyməz, çünki bəşəriyyət yəqin ki, bu fəlakəti görəcək qədər uzun sürməyəcək.

Günəş planetimizə daha çox enerji göndərdikcə, Yer atmosferi isinəcək və okeanlar və şirin su mənbələrindən daha çox suyun buxarlanmasına səbəb olacaq. Su buxarı güclü istixana qazı olduğundan atmosferdə daha çox istilik qalacaq. Belə bir temperatur artımı ilə planetimiz iki milyard il ərzində okeanları qaynadacaq qədər istiləşə bilər.

2020-ci ildə Aleksander Farnsvort pandemiyanın stresindən yayınmaq üçün diqqətini Yerin gələcəyinə yönəldib. Araşdırmaları zamanı o, qitələrin gələcəkdə necə hərəkət edəcəyini proqnozlaşdıran bir araşdırmaya rast gəlib.

Yer kürəsinin bütün tarixi boyu quru kütlələri toqquşaraq super qitələri əmələ gətirib və sonra bu qitələr parçalanaraq ayrılıb. Son super qitə olan Pangea 330 milyon ilə 170 milyon il əvvəl mövcud olub. Tədqiqat 250 milyon il sonra ekvator boyunca Pangea Ultima adlı yeni super qitənin formalaşacağını proqnozlaşdırır.

Aleksander Farnsvort ilkin tədqiqatlarında keçmişin iqlimlərini yenidən qurmaq üçün qədim Yerin modellərini yaradıb. Lakin o, Pangea Ultimada həyatın necə olacağını görmək üçün modellərindən istifadə etməyin maraqlı olacağını düşünüb. Əldə etdiyi iqlim forması alimi təəccübləndirib: "Bu dünya sözün əsl mənasında istidən yanır".

Nəhəng qitə alov içində...

Aleksander Farnsvort, Pangea Ultima modelini yaradan Texas Universitetinin təqaüdçü geofiziki Kristofer Skotezi və digər mütəxəssisləri okeanlar, super qitə və onun dağları üzərində hərəkət edən atmosferi izləyərək bu uzaq gələcəyin daha ətraflı simulyasiyalarını etmək üçün tapşırıq verib.

GFZ Alman Yer Elmləri Tədqiqat Mərkəzinin yer sistemləri üzrə alimi Hannah Davis deyir: "Onlar çox təsirləndiyim olduqca çox iş gördülər".

Tədqiqatçılar müəyyən ediblər ki, bir sıra mümkün geoloji və atmosfer şəraiti altında Pangea Ultima indiki qitələrdən daha isti olardı. Bu ciddi dəyişikliyin səbəblərindən biri Günəşdir. Hər 110 milyon ildən bir Günəşin buraxdığı enerji 1 faiz artır. Ancaq super qitə vəziyyəti daha da pisləşdirəcək, çünki quru okeanlardan daha sürətli istiləşir. Qitələr tək nəhəng quru kütləsinə itələndikcə, temperaturun inanılmaz səviyyələrə yüksələ biləcəyi böyük bir kontinental hissə meydana gələcək.

Pangea Ultima okeandan uzaqda geniş düzənlikləri ehtiva edən topoqrafiyası ilə də iqlimə təsir edəcək. Müasir dünyada yağış suyu və karbon qazı yer üzündəki minerallarla reaksiya verir. Bu minerallar daha sonra dənizə daşınır və dəniz dibinə çökür. Nəticədə karbon qazı müntəzəm olaraq atmosferdən ayrılır. Bununla belə, Yer Pangea Ultimaya ev sahibliyi etməyə başlayanda, bu konveyer kəməri yavaşlayacaq və karbon qazının yığılmasına səbəb olacaq.

Model göstərir ki, Pangea Ultima əvvəlki superkontinentlər kimi davransaydı, karbon qazı püskürən vulkanlarla dolu olardı. Yerin dərinliklərindəki turbulent hərəkətlər səbəbindən vulkanlar minlərlə il ərzində böyük miqdarda karbon qazı buraxa bilər. Bu, istixana qazlarının partlamaları ilə nəticələnir ki, bu da temperaturun yüksəlməsinə səbəb olur.

Kütləvi yox olma

İnsanlar olaraq biz hər il qalıq yanacaqlarından 40 milyard tondan çox karbon buraxaraq planeti isidərik. Qlobal istiləşmə dayanmadan davam edərsə, bioloqlar bunun bir sıra növlərin məhvinə səbəb olacağından ehtiyat edirlər. Belə bir ssenaridə insanların planetin çox hissəsində isti və rütubətdən sağ çıxması ehtimalı azdır.

Tədqiqatçılar deyirlər ki, demək olar bütün Pangea Ultima hər hansı məməlinin sağ qalması üçün çox isti olacaq. Belə bir mühit kütləvi məhvə səbəb ola bilər. Aleksander Farnsvort qeyd edir ki, ən yaxşı ssenaridə bir neçə məməli Pangea Ultima sahillərindəki sığınacaqlarda sağ qala bilər.

"Qitənin şimal və cənub uclarında bəzi ərazilərdə sağ qalmaq mümkün ola bilər”, deyə Aleksander Farnsvort qeud edir.

Bununla belə, Aleksander Farnsvort əmindir ki, məməlilər son 65 milyon il ərzində əldə etdikləri hökmranlığı itirəcəklər. İstiyə dözə bilən soyuqqanlı sürünənlər bizim yerimizi tuta bilər.

Başqa bir ehtimal da var…

Almaniyanın Erlangen-Nürnberq Universitetinin iqlimşünası Volfqanq Kiesslinq qeyd edir ki, model məməlilərin sağ qalması üçün çox şey ifadə edə biləcək amili nəzərə almır: Yerin içindən çıxan istiliyin tədricən azalması. Bu azalma daha az vulkan püskürməsinə və atmosferə daha az karbon qazının buraxılmasına səbəb ola bilər.

"Məməlilər gözlənildiyindən bir az daha uzun müddət sağ qala bilərlər. Təxminən 200 milyon il", deyə Volfqanq Kiesslinq qeyd edir.

Kolorado Universitetinin planetar iqlimşünası Erik Volf vəziyyətə müsbət tərəfdən baxmağa üstünlük verir və bu araşdırmanın həyat üçün uyğun olan digər planetlərin axtarışnda əsas rolunu oynaya biləcəyini söyləyir. Alimlər hazırda digər Günəş sistemlərindəki planetləri öyrənmək üçün güclü kosmik teleskoplardan istifadə edirlər. Kədərli olsa da, planetimizi gözləyən bu dəhşətli son bəşəriyyətin vətəni olacaq yeni dünya axtarışına daha çox diqqət yetirməyə səbəb ola bilər.

"Görəcəyimiz bir çox planet üçün özümüzü hazırlamağa çalışırıq", deyə Volfqanq Kiesslinq əlavə edib.

Mənbə: "The New York Times"


Sizin reklam burada
Sizin reklam burada