Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% aşağıdır. Yanvarın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib.
Həmin dövrdə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar ayına nisbətən 28,5 faiz azalaraq 3 min 700,6 ton, duru bitki yağının istehsalı isə 15,6% artaraq 4 min 576,6 ton təşkil edib. Bundan başqa, ötən ay Azərbaycanda 219,6 min dekalitr həcmində ( 1dkl = 10 litr ) meyvə şirələri, 11 min 433,5 ton meyvə-tərəvəz konservləri, 6,4 min ton qida duzu istehsal olunub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq, 44,5%, 8,2%, və 11,1% azdır. Qeyd edək ki, 2025-ci ildə ölkəyə, ümumilikdə, 145 milyon 314,48 min ABŞ dolları dəyərində 20 min 130,38 ton kərə yağı və 5 milyon 795,09 min ABŞ dolları dəyərində 4 min 86,42 ton marqarin idxal olunub.
O da məlum olub ki, bu il yanvarın 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 435,5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 757,8 min baş təşkil edib. 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,2% və ya 30.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 2% və ya 138.7 min baş azalıb. Ötən il ölkəyə 33 milyon 51.71 min ABŞ dolları dəyərində 306 591 baş diri qoyun, 91 milyon 457.62 min ABŞ dolları dəyərində 115 301 baş diri iribuynuzlu heyvanlar idxal edilib.
News365.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Vüsalə Əhmədovanın fikrincə, otlaq sahələrinin azalması və yemçilik problemləri ilə bağlı Azərbaycanda son illərdə heyvan sayında azalma müşahidə olunur.
O, bildirib ki, yüksək yem xərcləri, aşağı süd məhsuldarlığı fermerləri daha sərfəli sahələrə keçməyə vadar edir:
“Əlbəttə, heyvan sayının azalması kərə yağının istehsal həcminə müəyyən dərəcədə təsir edib, ancaq birbaşa təklifi məhdudlaşdıra biləcəyini düşünmürəm. 2023-cü illə müqayisədə 2024-cü ildə iribuynuzlu heyvan sayında təxminən 4,4%-lik azalma yaşanmışdı (təqribən 115.635 baş azalmadan söhbət gedir). Buna baxmayaraq, 2023-cü ildə kərə yağının istehsal həcmi 27.000 ton səviyyəsində olduğu halda, 2024-cü ildə 28.975 ton həcmdə istehsal həyata keçirilib. Bu da 2023-cü il ilə müqayisədə 1.988 ton və ya təqribən 7,4% artım deməkdir. Bu səbəbdən kərə yağı istehsalındakı durğunluğu yalnız heyvan sayının azalması ilə əlaqələndirmək doğru olmaz. İstehsal həcmi daha mürəkkəb faktorlarla müəyyənləşir, məsələn, məhsuldarlıq, texnologiya, südlük mal istehsalının səviyyəsi, yüksək istehsal dəyəri və bazar tendensiyaları”.