Yazıçı Anarın məhkəməyə verdiyi şair vəkil axtarır: “Hələ ağır ittihamlar var, utanıram”

Yazıçı Anarın məhkəməyə verdiyi şair vəkil axtarır: “Hələ ağır ittihamlar var, utanıram”
15:17

”Məhkəmədən telefonuma bildiriş gəldi. Dünən gedib AYB-nin iddiasını götürdüm. Öz pulumla vəkil tutmağa imkanın yoxdur. Ona görə də Vəkillər Kollegiyasına müraciət edəcəyəm ki, məni pulsuz vəkillə təmin etsinlər”.

Bunu Azərbaycan Yazıçılar Birliyinin məhkəməyə verdiyi şair İlham Qəhrəman deyib. O bildirib ki, məhkəməyə veriləcəyini ilk gündən bilib: “Məni məhkəməyə verəcəklərini elə yazım çap olunan gündən bilirdim. Onlardan heç bir qorxum yoxdur. Məndən 5 min manat məbləğində təzminat istəyirlər. Bu pulu verməyə mənim maddi imkanım yoxdur. Eyni zamanda ittihamlarımda heç kimin şərəf və ləyaqətini alçaltmamışam. Həqiqəti demişəm, əgər yalandısa, gəlib yoxlasınlar. Azərbaycanda AYB-də nələrin baş verdiyini hər kəs bilir”.

Şair deyib ki, ittihamlarla dolu yazısı çap olunandan sonra yazıçı Anardan zəng gəlməyib: “Məni ən çox incidən isə o idi ki, yanvarın 23-də birlikdən çıxmağımla bağlı ərizəni və üzvlük vəsiqəmi kadrlar şöbəsinə təqdim etdim. Bir ay səs-soraq etmədim. Bu vaxt ərzində AYB-nin katibləri, müavinlər, müşavirləri bir dəfə zəng edib soruşmadı ki, ay İlham Qəhrəman, sən niyə ərizə vermisən? Sanki ürəklərindən oldu ki, nə yaxşı çıxdı getdi, başımızdan açıldı, canımız dincəldi. Mən yalnız bundan sonra yazı dərc etdirdim.

 İndi əl-ayağa düşüblər. Nə etsələr, ona uyğun adekvat cavab alacaqlar. Hələ ağır ittihamlar da var, sadəcə olaraq utanıram, abrımı gözləyirəm. Lakin onlar abırsızlıq etsələr, mən də abrımdan keçəcəyəm”.

Xatırladaq ki, fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev isə mətbuata açıqlamasında İlham Qəhrəmanın AYB-yə məxsus mənzillərin satışına dair iddialarının əsassız olduğunu və məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini söyləyib.

Yazıçı Anar açıqlamasında yazıçılar üçün mənzil təminatı prosesinin tam ədalətli şəkildə aparıldığını, mənzil ala bilməyənlərin də layiqli yazıçılar olduğunu, lakin məhdud sayda mənzil olduğu üçün hər kəsin təmin edilməsinin mümkün olmadığını qeyd edib.

AYB-nin mətbuat katibi Xəyal Rza deyib ki, AYB İlham Qəhrəmandan 5 min manat təzminat tələb edir: “Həmin vəsait isə YAŞAT Fonduna köçürüləcək. Bundan başqa isə hansı saytlar onun şər-böhtanını dərc edibsə, o saytlarda da müəllifin üzr istəməsinin yayılması tələb olunacaq”.


Sizin reklam burada
Sizin reklam burada