Salyanda piyada zolağının olmaması sakinlərin həyatını riskə atır -FOTO

Salyanda piyada zolağının olmaması sakinlərin həyatını riskə atır -FOTO
14:54

Salyanın 20 Yanvar küçəsində yeni çəkilən avtomagistral sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.

400-dən çox sakinin yaşadığı bu ərazidə piyada zolaqlarının olmaması onların gündəlik həyatında çətinliklər yaradır. Xüsusilə, yaxınlıqdakı məktəbə gedib-gələn şagirdlər üçün vəziyyət daha da risklidir.

News365.az xəbər verir ki, rayon sakini Nübar Mustafayeva piyada zolağının olmaması səbəbindən dəfələrlə təhlükə ilə üz-üzə qaldıqlarını bildirir:

“Sürəti özünüz görürsünüz, hansı sürətlə gedirlər. Uşaqlar da məktəbə gedirlər, yolun o biri tərəfinə keçməkdə çətinlik çəkirlər. Valideynlər bu vəziyyətə görə çox narahatdır. Hamımız uşaqlarımızın təhlükəsizliyi üçün narahatıq.”

Digər sakin Həcər Bağırova isə yolda keçidin olmamasının onlara ciddi maneə yaratdığını deyir:

“Səhər-səhər valideynlər uşaqları məktəbə aparıb-gətirməyə məcbur olur. Mən bu yolu keçə bilmirəmsə, körpə uşaq necə keçsin?”

Sakinlərin sözlərinə görə, bir neçə həftə əvvəl bu ərazidə yolu keçən piyadanı avtomobil vurub və nəticədə həmin şəxs hadisə yerində dünyasını dəyişib.

Məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

Qurumdan bildirilib ki, sakinlərin narahatlığı nəzərə alınaraq problemin həlli üçün aidiyyəti qurumlara müraciət ediləcək.

Sakinlər isə problemin tezliklə aradan qaldırılmasını və piyada zolağının çəkilməsini tələb edirlər.




Sizin reklam burada
Sizin reklam burada