Yapon Alimlərindən Saç Tökülməsinə Qarşı Yeni Ümid: Mandarin və Felledendron Qabığı Effektli Ola bilər
Yaponiyanın "Rohto Pharmaceutical Co" dərman şirkətinin alimləri kişilərdə saç tökülməsinə qarşı təbii vasitələrin effektivliyini araşdırıb. "Daily Mail"-in yaydığı məlumata görə, mütəxəssislər felledendron ağacının qabığı və qurudulmuş mandarin qabığından (Çinpi) alınan ekstraktların saç tökülməsi ilə mübarizədə ümidverici nəticələr verdiyini müəyyən ediblər.
Tədqiqat zamanı alimlər saç köklərinin alt hissəsində yerləşən dermal papilla hüceyrələri tərəfindən ifraz olunan plasenta artım faktoru (PlGF) adlı zülala fokuslanıblar. Bu zülal saçların formalaşmasında əsas rol oynayır. Məqsəd isə PlGF istehsalını stimullaşdıra biləcək bitki komponentlərini müəyyənləşdirmək olub.
Laboratoriya mühitində aparılan sınaqlarda məlum olub ki, felledendron qabığı PlGF səviyyəsini 2.1 dəfə, Çinpi ekstraktı isə 2.2 dəfə artırır. Felledendron Asiyanın tropik bölgələrində yetişən bitki növüdür, Çinpi isə ənənəvi Çin təbabətində istifadə olunan, günəşdə qurudulmuş mandarin qabığıdır.
Alimlər əldə olunan nəticələrin gələcəkdə həm kişilər, həm də qadınlar üçün effektiv saç tökülməsi əleyhinə preparatların hazırlanmasında istifadə ediləcəyini bildiriblər.
Qeyd edək ki, yalnız Böyük Britaniyada 15.4 milyondan çox insan müxtəlif formalarda alopediya (saç tökülməsi) ilə qarşılaşır. Britaniya Dermatoloqlar Assosiasiyasının məlumatına görə, 50 yaşına çatan kişilərin azı yarısı saçlarının bir hissəsini təbii səbəblərlə itirir. Saç tökülməsinin digər səbəbləri arasında isə stress, xərçəng müalicəsi, dəmir çatışmazlığı və ya sürətli çəki itkisi də yer alır.