Dünən işdən çıxmışdım, sinif yoldaşlarım zəng elədi ki, şəhərdəyik, həmişə oturduğumuz məkana gəl, biraz başımız açılsın. Təxminən 10–15 dəqiqə ayyaqlan gəzərək getdim. Gözüm kinoteatrın birinə sataşdı və ailəli, həmçinin sevgili olan gənclərin əksəriyyətinin ora daxil olduğunu gördüm. Öz-özlüyümdə düşündüm ki, yəqin yerli filmləri izləməyə gedirlər. Sevindirici haldır ki, Azərbaycan kinosuna maraq var. Kinoteatrda kassir işləyən dostumu gördüm. Qarşısında dayanıb siqaret çəkirdi, yaxınlaşıb görüşdüm. Sonra soruşdum: “Bu qədər insanlar bizim yerli rejissorların çəkdiyi filmləri izləməyə gedirlər?” Cavab olaraq dedi ki: “Yox, əzizim, gənclərin 90%-i xarici filmləri izləməyə gəlir. Yeni bir yerli filmin təqdimatı olarsa, onda gəlirlər izləməyə. Əks halda, yalnız xarici filmləri izləyənlərin sayı çoxdur.”
Mənim sözümün canı burada deyil. Həmişə məni maraqlandıran odur ki, niyə gənc sevgililər və ailəli insanlar teatrlarımıza maraq göstərmirlər? Kinoteatra gedib pul xərcləmək əvəzinə, gedib canlı şəkildə teatr tamaşalarını izləmək daha maraqlı deyilmi? Özüm demək olar ki, qısa zaman tapdıqca teatr tamaşalarına gedirəm və sözün əsl mənasında zövq alıram. Kinoteatrlarda izlədiyim xarici filmlərdə almadığım zövqü teatrda alıram.
Sizləri də dəvət edirəm: övladlarınızı, nəvələrinizi və ya özünüz vaxt tapdıqca teatr tamaşalarını izləyin. Teatrdan işləyən insanlar bizim dəstəyimizə ehtiyac duyurlar. Bir tamaşanı hazırlamaq üçün böyük əziyyətlər çəkirlər və bu dəstəyi hiss etmək onlar üçün çox önəmlidir..
Bir xalqı tanımaq istəyirsinizsə, onun nəyi sevdiyinə yox, nəyi tərk etdiyinə baxın. Çünki sevgi bəzən vərdişdir, amma tərk etmə mövqedir.
Bu gün kinoteatrların dolu, teatr salonlarının isə boş qalması sadəcə zövq məsələsi deyil. Bu insan şüurunun hansı tərəfə meyil etdiyinin açıq göstəricisidir. İnsanlar yad dillərdə danışan, yad mədəniyyətləri daşıyan, yad ağrıları cilalanmış ekranlarda izləmək üçün pul ödəyir, amma öz xalqının sözünə, nəfəsinə, canlı səhnəsinə arxa çevirir. Bu təsadüf deyil. Bu tarixi və mənəvi səbəbləri olan bir seçimin nəticəsidir. Psixologiyada bir anlayış var: komfort zonası. İnsan ağrını deyil, rahatlığı seçməyə meyllidir. Teatr ağrıdır. Kino isə keyləşdirici dərmandır.
Kinoteatrda: sən düşünmürsən, sənə düşündürürlər, sən hiss etmirsən, sənə hiss verirlər sən məsuliyyət daşımırsan, çünki hər şey “filmdir”
Teatrda isə: səhnədəki insan canlıdır, söz sənə birbaşa deyilir, sən gördüyünə cavabdehsən. Bu səbəbdən müasir insan teatrı şüur üçün təhlükə sayır. Çünki teatr insanın daxilində bastırdığı sualları oyadır: Mən kiməm?, Doğru yaşayırammı?, Qorxduğum nədir?. Psixoloji olaraq bu özünlə qarşılaşma qorxusudur. İnsan öz içindəki boşluğu görmək istəmir. Ona görə də qaranlıq zalda yad qəhrəmanların taleyinə baxmaq daha asandır.
Həsən Nağıyev, filosof