Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində yaşıllıq təhlükə altındadır. Kompleksin 11-ci binasının qarşısında aparılan tikinti işləri zamanı sağlam ağaclar obyektin içində saxlanılaraq divarla hörülüb.
News365.az-ın məlumatına görə, ağacların gövdələri daş və çınqılla örtülərək onların qurumasına şərait yaradılıb. Sakinlər bu vəziyyətin məqsədli şəkildə edildiyini iddia edirlər.
Maraqlıdır, əgər niyyət ağacları qorumaqdırsa, niyə onlar obyektin içində qalıb?
Məsələ ilə bağlı araşdırmalar zamanı obyektin Əfqan Şəfiyev adlı şəxsə məxsus olduğu müəyyən edilib.
Yerli sakinlərin sözlərinə görə, bu ərazidə yaşıllığın məhv edilməsi halları ilk dəfə deyil və indiyə qədər aidiyyəti qurumlar buna qarşı ciddi tədbir görməyib.
Mövzu ilə bağlı ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən News365.az-a bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.