XİN rəsmisindən Nyu-York merinin bəyanatına CAVAB

XİN rəsmisindən Nyu-York merinin bəyanatına CAVAB
15:25

Xarici İşlər Nazirliyi Nyu-York meri Zohran Mamdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına reaksiya verib.

News365.az xəbər verir ki, bu barədə XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

O, qeyd edib ki, Mamdani və digər ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər:

“Sizin vəziyyəti daha da gərginləşdirən bəyanatınızı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və siyasi məqsədlər naminə həqiqətləri təhrif edir.

2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə hərəkət edib.

2023-cü ildə həyata keçirilən antiterror tədbirləri üç onillik qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpasına gətirib çıxarmışdır. “Qovulma” iddiaları erməni sakinlərə yenidən inteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təqdim edildiyi faktını görməzlikdən gəlir.

Xüsusilə narahatedici hal odur ki, seçilmiş bir vəzifəli şəxs işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qətliamları, eləcə də mədəni və dini irsin məhv edilməsini görməzlikdən gələrək birtərəfli yanaşmaları təşviq edir.

Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal geri götürülməlidir”.

Xatırladaq ki, mer Mamdani “X” hesabında 1915-ci il hadisələrini “soyqırımı” kimi xarakterizə etməklə yanaşı, Azərbaycanın öz suveren ərazilərini azad etməsini “ermənilərin qovulması” kimi qələmə verərək birtərəfli ittihamlar səsləndirmişdi.


Sizin reklam burada
Sizin reklam burada