Xətai rayonunda qanunsuz tikintilər: İcra başçısının adı qalmaqalda hallanır

Xətai rayonunda qanunsuz tikintilər: İcra başçısının adı qalmaqalda hallanır
00:56

Bakı şəhərinin Xətai rayonunda qanunsuz tikintilərin miqyası son illər nəzərəçarpacaq dərəcədə artıb. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan çoxsaylı foto və videogörüntülər rayon ərazisində aparılan tikinti işlərinin böyük hissəsinin müvafiq icazələr olmadan həyata keçirildiyini göstərir.

News365.az-ın məlumatına görə, bu tikintilərin əhəmiyyətli hissəsi Xətai Rayon İcra Hakimiyyətinin razılığı və nəzarəti altında aparılıb. İddia olunur ki, son beş il ərzində rayon ərazisində icra başçısı Rafiq Quliyev və onun yaxın çevrəsinə aid olduğu deyilən yüzlərlə obyekt inşa edilib. Bildirilir ki, icra başçısının özünə və yaxın ətrafına məxsus obyektlərin sayı getdikcə artmaqdadır.

Mənbələrin məlumatına əsasən, Rafiq Quliyev Administrasiyaya çağırılaraq ona iradlar bildirilib və rəsmi xəbərdarlıq edilib. Lakin buna baxmayaraq, Xətai rayonunda qanunsuz tikintilərin qarşısı alınmayıb, əksinə prosesin davam etdiyi müşahidə olunur. Hazırda da rayon ərazisində yeni tikililərin inşa edildiyi və vəziyyətin nəzarətdən kənarda qaldığı iddia edilir.

Qeyd olunur ki, məhz bu səbəbdən Rafiq Quliyevin yaxın həftələrdə vəzifəsindən azad olunması məsələsi gündəmdədir. İddialara görə, icra başçısının başqa bir rayona rəhbər təyin olunması ehtimalı olsa da, Xətai rayonunda torpaq sahələrinin və tikinti imkanlarının sistemli şəkildə qanunsuz satılması ilə bağlı narazılıqlar bu ehtimalı ciddi şəkildə zəiflədib.

Xatırladaq ki, Rafiq Quliyev 2019-cu ildən etibarən Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.


Sizin reklam burada
Sizin reklam burada