Xameneinin müşaviri: Hər cür ssenariyə hazırıq

Xameneinin müşaviri: Hər cür ssenariyə hazırıq
11:37

İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani İslam Respublikasının istənilən ssenariyə tam hazır olduğunu bildirib.

News365.az xəbər verir ki, “Əl-Məyadin” televiziyasına müsahibəsində Şamxani müharibənin yalnız atəş səsləri və ya artilleriya hücumları ilə məhdudlaşmadığını vurğulayaraq, İranın hazırda faktiki müharibə vəziyyətində olduğunu söyləyib.

Ali liderin mövqeyinə toxunan Şamxani qeyd edib ki, Xamenei belə düşünür: "Onlar İranı udmaq istəyirlər; amma İslam Respublikası mövcud olduğu müddətcə bu mümkün deyil".

Şamxani regional təhlükəsizliyi təhdid edən bu cür hərəkətlərdən imtina edilməli olduğunu, əks halda maliyyə resurslarının boşa xərclənəcəyini vurğulayıb.

ABŞ prezidentinin siyasətinə toxunan Şamxani bildirib ki, Donald Tramp prezidentliyə qayıtdıqdan sonra sözdə "B planı" və "C planı"nı həyata keçirə biləcəyinə inanır:

"Hazırda "B planı" mərhələsindəyik; bu plana təhdidlər və psixoloji müharibə daxildir. Növbəti addım müharibədir. Lakin ümid edirik ki, onlar bu variantı seçməkdən çəkinəcəklər".

O, bəzi təkliflərin Amerikaya çatdırıldığını da qeyd edib.

Şamxani müharibənin qarşısını almağın mümkün olduğuna inandığını bildirib.

Şamxani Tehranın Vaşinqtonla birbaşa və praktik danışıqlara hazır olduğunu və digər tərəflərlə məsləhətləşməyə ehtiyac görmədiyini bildirib.

O, nüvə məsələsi ilə bağlı təhdid atmosferinin aradan qaldırılacağı təqdirdə, dialoq və danışıqlar yolu ilə razılığa gəlməyin mümkün olduğunu söyləyib.

"Biz nüvə silahı əldə etmək niyyətində deyilik, onları istehsal etməyəcəyik və ehtiyatda saxlamayacağıq; qarşı tərəf bu yanaşmanın bədəlini ödəməlidir", - Xameneinin müşaviri bildirib.

60% zənginləşdirilmiş nüvə materiallarının yığılmasına gəlincə, Şamxani bunun hərbi məqsədlər üçün istehsal olunmadığını və belə bir niyyətin olmadığını vurğulayıb.

İranın nüvə proqramının dinc xarakter daşıdığını, imkanlarının yerli olduğunu və zənginləşdirmə səviyyəsinin 60%-dən 20%-ə endirilə biləcəyini bildirən Şamxani bunun müqabilində konkret güzəştlərin tələb olunacağını söyləyib.

Bir çox ölkənin öz ərazilərindən İrana qarşı hücumlar üçün istifadəyə icazə verməyəcəklərini bildirdiyini xatırladan Şamxani bunun müharibə zamanı da müşahidə olunduğunu söyləyib.

O, ABŞ hücum edərsə, İsrailin də bu hücumun bir hissəsi olacağını və İranın mütənasib şəkildə cavab verəcəyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada