Virusun yayılma riski hazırda aşağı qiymətləndirilir.
News365.az xəbər verir ki, mütəxəssislərin fikrincə, xəstəliyin geniş miqyas alması ehtimalı yüksək deyil, çünki infeksiya insanlar arasında sürətlə ötürülmür.
Səhiyyə Nazirliyi ölkədə epidemioloji durumu fasiləsiz nəzarətdə saxlayır. Sərhəd-buraxılış məntəqələrində sanitariya və epidemioloji tədbirlər gücləndirilib, hər hansı şübhəli hal aşkarlanacağı təqdirdə isə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin yüksək təhlükəsizlik standartlarına cavab verən laboratoriyalarında müayinələr aparılması mümkündür.
Nazirlik eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumların rəsmi məlumatlarını da mütəmadi izləyir. Profilaktik məqsədlə əhaliyə yarasalarla təmasda ola biləcək meyvələrin yaxşı yuyulmadan yeyilməməsi, pasterizə olunmamış meyvə şirələrindən istifadə edilməməsi, eləcə də xəstəlik əlamətləri olan şəxslərlə ünsiyyətdə fərdi qoruyucu vasitələrdən yararlanmaq tövsiyə edilir.
Hazırda əhali üçün əlavə məhdudiyyətlər nəzərdə tutulmur. Ümumi gigiyena qaydalarına əməl etmək kifayət hesab olunur. Endemik ərazilərdən gələn şəxslərə isə sağlamlıq vəziyyətlərini izləmək və şübhəli simptomlar yarandıqda dərhal tibbi yardıma müraciət etmək tövsiyə edilir.
Rəsmi qurumlar bildirir ki, mövcud epidemioloji vəziyyət nəzarət altındadır və narahatlığa əsas verən hal yoxdur.