Vaşinqton–Pekin xəttində yeni mərhələ: Tramp Çində nə mesaj verdi?

Vaşinqton–Pekin xəttində yeni mərhələ: Tramp Çində nə mesaj verdi?
11:59

ABŞ ilə Çin arasında artan geosiyasi rəqabət fonunda Prezident Donald Trumpın Pekinə səfəri beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Ticarət müharibələri, Tayvan böhranı və İran ətrafında gərginliyin davam etdiyi bir vaxtda baş tutan görüşlər Vaşinqton və Pekin arasında münasibətlərin gələcək istiqaməti baxımından diqqətlə izlənilir.

Politoloq Turan Rzayev ABŞ Prezidenti Donald Trumpın Çinə səfərinin Vaşinqton–Pekin münasibətlərində mühüm mesajlar daşıdığını bildirib.

News365.az-a açıqlama verən politoloqun sözlərinə görə, Trampın Çinə səfərinin əsas məqsədi ticarət, iqtisadi əməkdaşlıq və digər ikitərəfli məsələlər üzrə fikir ayrılıqlarını azaltmaq, həmçinin qlobal proseslərlə bağlı mövqeləri uzlaşdırmaqdır.


Səfərin ilk günündə ABŞ Prezidenti ilə Çin Prezidenti Xi Jinping arasında Pekində keçirilən görüş xüsusi diqqət çəkib. Görüş zamanı tərəflərin təmkinli, lakin prinsipial mövqe nümayiş etdirdiyi vurğulanıb.

Donald Tramp görüşdə bildirib ki, hazırda dünyada yalnız iki supergüc mövcuddur — ABŞ və Çin.

“Biz iki supergücük. Hərbi güc baxımından Yer üzündə ən güclü ölkə ABŞ-dır. Çin isə ikinci hesab olunur. Heç kim bizə yaxınlaşa bilməz”, — deyə Tramp bildirib.

Turan Rzayev hesab edir ki, Trampın Çini ikinci supergüc kimi təqdim etməsi Vaşinqtonun Pekinin artan təsirindən narahat olduğunu göstərir. Politoloq qeyd edib ki, SSRİ-nin süqutundan sonra ABŞ üçün əsas rəqib məhz Çin olub.

Onun sözlərinə görə, Pekinin son illərdə müxtəlif ölkələrdə limanları uzunmüddətli icarəyə götürməsi, iqtisadi təsir imkanlarını genişləndirməsi və hərbi bazalar yaratmaq istiqamətində addımları Vaşinqton üçün ciddi siqnallar hesab edilir.

Politoloq bildirib ki, ABŞ və Çin arasında yalnız iqtisadi deyil, siyasi ziddiyyətlər də dərinləşir. Xüsusilə Tayvan məsələsinin tərəflər arasında əsas risk faktorlarından biri olduğu vurğulanıb.

Si Cinpin Donald Trampla görüşdə Tayvan probleminin Çin–ABŞ münasibətlərində ən həssas məsələ olduğunu bildirib və qeyd edib ki, bu məsələnin yanlış idarə olunması birbaşa qarşıdurmaya səbəb ola bilər.

Turan Rzayevin fikrincə, ABŞ rəsmi olaraq Tayvanın müstəqilliyini tanımasa da, Vaşinqtonun ada ilə hərbi və iqtisadi əlaqələri genişləndirməsi Pekin tərəfindən qəbuledilməz sayılır.

Politoloq əlavə edib ki, Çin ABŞ-la açıq hərbi qarşıdurmadan yayınmağa çalışır və daha çox Vaşinqtonun diqqətini fərqli istiqamətlərə yönəltmək strategiyasından istifadə edir. Onun sözlərinə görə, Pekinin Rusiya və İrana verdiyi dəstək də bu siyasətin tərkib hissəsidir.

T.Rzayev hesab edir ki, ABŞ İran və digər bölgələrdə uzunmüddətli qarşıdurmalara cəlb olunmaq istəmir və bu səbəbdən Vaşinqton Pekinlə müəyyən ortaq məxrəcə gəlməyə çalışır.

Politoloq sonda vurğulayıb ki, Trampın Çinə səfəri mühüm siyasi mesajlar daşısa da, yaxın perspektivdə ABŞ və Çin arasında ciddi razılaşmaların əldə olunması çətin görünür. Onun fikrincə, tərəflər arasında rəqabət hələ uzun müddət davam edəcək.


Sizin reklam burada
Sizin reklam burada