Ukraynada davam edən müharibə fonunda ölkənin siyasi gələcəyi, rəhbərliyin dəyişməsi ehtimalları və mümkün sülh danışıqlarının taleyi ilə bağlı müxtəlif versiyalar gündəmdədir. Ekspertlər bildirirlər ki, sülh müqaviləsinin imzalanması və ərazi məsələləri Ukraynada siyasi rəhbərliyin dəyişməsi prosesinə birbaşa təsir göstərə bilər.
Politoloq Elnur Ənvəroğlu News365.az-a açıqlamasında bildirib ki, Zelenskinin istefası və ya rəhbər dəyişikliyi barədə yayılan xəbərlər ilk dəfə deyil.
Onun sözlərinə görə, Ukrayna prezidenti özü də vaxtilə belə bir ehtimalı etiraf edib və bu, müharibə vəziyyətində olan ölkələrdə "yazılmamış qanun" hesab olunur.

Ekspertin qeyd etdiyinə görə, əgər Ukrayna sülh danışıqlarına gedərsə və bəzi ərazilərin Rusiyanın nəzarətində qalması ehtimalı reallaşarsa, bu, ölkənin məğlub tərəf kimi görünməsinə səbəb ola bilər. Bu vəziyyətdə rəhbər dəyişikliyi avtomatik baş verə bilər.
E.Ənvəroğlu əlavə edib ki, Ukraynada hazırda prezidentlik üçün 5-ə yaxın əsas namizədin adı çəkilir. Onlardan ən çox diqqət çəkənlərdən biri – qeyd etdiyiniz Valeriy Zalujnı və ölkənin kəşfiyyat rəhbəri general Kirill Budanovdur. Politoloqun sözlərinə görə, hazırda ən yüksək reytinq də məhz bu adlara məxsusdur.
Ekspert hesab edir ki, Ukraynada rəhbərliyin dəyişməsi ölkənin siyasi kursunda kəskin dönüş yaratmayacaq. Çünki bundan sonrakı danışıqlar və qərarlar yenə də ABŞ və Qərb ilə koordinasiya çərçivəsində formalaşacaq.
Onun fikrincə, Ukraynanın Avropa İttifaqına və ümumilikdə Qərbə inteqrasiyası strateji prioritet olaraq qalacaq:
"Mən düşünmürəm ki, rəhbər dəyişikliyi hansısa ciddi dönüş nöqtəsi yarada bilər. Bundan sonra Ukraynanın atacağı addımlar yenə də Qərbin dəstəyi və planları əsasında olacaq."
Politoloq əlavə edib ki, Valeriy Zalujnı olduqca bilikli və təcrübəli şəxs kimi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.