İtaliyanın müdafiə naziri Quido Krosetto İraqın Ərbil şəhərində yerləşən İtaliyaya məxsus hərbi bazaya raket zərbəsi endirildiyini, ancaq hərbçilərdən heç kimin xəsarət almadığını bildirib.
News365.az xəbər verir ki, bu barədə məlumatı ANSA agentliyi yayıb.
"Ərbil şəhərindəki bazamıza raket atılıb. İtaliya hərbi heyəti arasında yaralanan və ya həyatını itirən yoxdur. Bütün şəxsi heyət təhlükəsiz yerdədir", - deyə o qeyd edib.

Xarici işlər naziri Antonio Tаyani isə məsələyə aydınlıq gətirərək bildirib ki, Ərbildə yerləşən İtaliya bazası fərqli dövlətlərə aid hərbi obyektlərin cəmləşdiyi kompleksə daxildir.
"Hücumun konkret olaraq italyanları, yoxsa ümumi bazanı hədəf aldığını dəqiq bilmirik", - deyə nazir vurğulayıb.
O, həmçinin atılan raketin bilavasitə İran tərəfindən, yaxud İraqda fəaliyyət göstərən iranmeyilli qruplaşmalar tərəfindən buraxıldığının hələlik müəyyənləşmədiyini sözlərinə əlavə edib.
Xatırladaq ki, daha öncə Yaxın Şərq bölgəsindəki müxtəlif hərbi missiyalarda İtaliyanın iki minə yaxın hərbçisi iştirak edib. Onlardan təqribən min nəfəri BMT-nin Livanda yerləşən Müvəqqəti Qüvvələrinin (UNIFIL) missiyasında xidmət aparır.