Ukraynanı təmsil edən və danışıqlar aparacaq rəsmilər Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsinin keçiriləcəyi İstanbula gəliblər. Ukrinform Telegram kanalı yazır ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tıxiy bildirib.
"Ukrayna nümayəndə heyəti İstanbula gəlib. Ruslarla görüş günortaya planlaşdırılıb", - məlumatda deyilir.
Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşün İstanbuldakı Çırağan sarayında baş tutması planlaşdırılır. Rusiya nümayəndələri isə ötən axşam İstanbula gəliblər.
Reuters-in yaydığı məlumata görə, imzalanması təklif olunan Ukrayna memorandumu cəbhə xəttində hərbi əməliyyatların dondurulmasını, ən azı bir ay müddətinə tam atəşkəs və əsirlərin tam mübadiləsini nəzərdə tutur.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural