Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsi ötən gün Azərbaycandan uçuş zamanı Gürcüstan hava məkanında qəzaya uğrayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin kabinəsi və quyruq hissəsinin parçalandığı görünür.
Bu kadrlar Türkiyə ictimaiyyətində və sosial mediada müxtəlif ehtimallara, o cümlədən, təyyarənin guya “vurulması” ilə bağlı fərziyyələrə səbəb olub.
News365.az-ın məlumatına görə, hadisədən sonra Rusiyanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib.
Lakin bəzi sosial media istifadəçiləri qəzada Rusiyanı günahlandırmağa başlayıblar. “Bizim təyyarəmizi Rusiya vurdu” kimi paylaşımlara cavab olaraq səfirlik rəsmi hesabından belə yazıb: “Ümumiyyətlə, sizə bu fikir necə gələ bilər?”
Rusiya səfirliyi daha sonra C-130-un qəzaya uğradığı ərazinin xəritəsini dərc edib, həmin bölgənin Rusiya ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Eyni zamanda, səfirlik oxşar ittiham irəli sürən digər istifadəçiyə cavabında qeyd edib: “Biz sizin düşməniniz deyilik. Rusiya və Türkiyə arasındakı münasibətləri yaxşılaşdırmağa çalışırıq.”
Qeyd edək ki, hadisə nəticəsində Türkiyə ordusunun 20 hərbçisi şəhid olub.
Biz sizin düşmanınız değiliz. Rus-Türk ilişkilerini geliştirmeye çalışıyoruz.