"Rusiyadan Türkiyəyə təbii qaz tədarükü davam edir və gələcəkdə idxalla bağlı heç bir problem olmayacaq".
News365.az xəbər verir ki, bu sözləri Türkiyə Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar "Lider TV"nin efirində ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənən Rusiyaya və onunla əməkdaşlıq edən ölkələrə qarşı yeni sanksiyalar barədə qanun layihəsini şərh edərkən deyib.
"Rusiya həmişə Türkiyəyə etibarlı təbii qaz tədarükçüsü olub və belə olaraq qalır. Ölkəmizə Rusiyadan qaz tədarükü davam edir, heç bir böhran yoxdur, problem yoxdur və olmayacaq", - deyə nazir bildirib.
Bayraktar qeyd edib ki, Türkiyə 1980-ci illərin sonlarından bəri Rusiyadan təbii qaz idxal edir.
"Rusiya qazı idxalımızın vacib mənbəyidir. Bunun sayəsində Türkiyə təbii qaz ehtiyacının, təxminən, yarısını ödəyir. Rusiya ilə enerji məsələlərində münasibətlər müsbət inkişaf edir", - deyə Bayraktar qeyd edib.