ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika bu və ya digər şəkildə İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını əldə edəcək. O, xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, bu, “daha çox qeyri-dost formada” baş verə bilər.
News365.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ prezidentinə “nüvə tozu” adlandırdığı yüksək zənginləşdirilmiş uranın İrandan çıxarılmasının vaxtı ilə bağlı sual verildikdə, o, təfərrüatlara varmaqdan imtina edib.
“Əlbəttə ki, sizə vaxt deməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, əgər razılaşma imzalasaq, onda vaxt barədə danışa bilərəm. Razılaşmanı imzaladıqdan sonra İranla birlikdə bunu həyata keçirəcəyik və onu 100% geri qaytaracağıq - bu, ABŞ-a gətiriləcək” – deyə Tramp bildirib.
“Əgər bunu etməsək, onda biz onu başqa formada, daha qeyri-dost şəkildə əldə edəcəyik. Amma hər halda, biz buna nail olacağıq”.
Tramp deyib ki, əgər danışıqlar çərşənbə gününə qədər razılaşma ilə nəticələnməzsə, ABŞ və İran arasında ilkin atəşkəsi uzatmaya bilər. Bu isə hərbi əməliyyatların yenidən başlaması ehtimalını artırır.
Prezident təyyarəsində jurnalistlərin sualını cavablandıran Tramp, danışıqlar uğursuz olarsa, atəşkəsi uzadıb-uzatmayacağı və ya zərbələri bərpa edib-etməyəcəyi barədə danışarkən deyib:
“Bəlkə də onu uzatmayacağam. Ola bilər ki, uzatmayım, onda blokada olacaq və təəssüf ki, biz yenidən bombalar atmağa başlamalı olacağıq,” – deyə ABŞ prezidenti əlavə edib.
Danışıqların gedişi ilə tanış olan İran mənbələrinə görə, ABŞ və İran nümayəndə heyətlərinin bu həftəsonu Pakistana gələcəyi və ehtimal ki, bazar ertəsi danışıqlar aparacağı gözlənilir.
ABŞ tərəfi bu görüşlərin planlaşdırılıb-planlaşdırılmadığını hələ təsdiqləməyib. Daha əvvəl cümə günü Tramp tərəflərin razılaşmaya yaxın olduğunu bildirmişdi.