Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində Vaşinqton müttəfiqlərinə hərbi kəşfiyyat vasitələri, idarəetmə strukturları və hava təhlükəsizliyi üçün əsas sistemlər təqdim edə bilər.
“Financial Times”nəşri xəbər verir ki, bu barədə ABŞ rəsmiləri Avropadakı həmkarlarına bildiriblər.
Nəşrin yazdığına görə, bu, Ağ Evin mövqeyində ciddi dəyişiklik deməkdir. Avropa rəsmiləri qeyd ediblər ki, təhlükəsizlik zəmanətləri ilə bağlı yekun qərar hələ uzaqdadır, lakin əsas maneələrdən biri – Trampın yardım göstərmək istəməməsi problemi aradan qalxıb.
Mənbələrin sözlərinə görə, Donald Tramp Ukraynada atəşkəsə nail olunmasının və özünün Nobel mükafatı arzularının ABŞ-ın uzunmüddətli sülhün təminatında müəyyən rol oynamasını tələb etdiyini anlayıb. Bundan başqa, Avropanın müdafiə xərclərini ÜDM-in 5 faizinədək artırmaq vədi Ağ Evdə etimad yaradıb.
Qəzet yazır ki, təhlükəsizlik zəmanətləri ilə bağlı ilkin plan yaxın vaxtlarda təqdim oluna bilər. Lakin hələ də hansı Avropa ölkələrinin qoşun göndərməyə hazır olduğu və Vladimir Putinin buna razılaşıb-razılaşmayacağı məlum deyil. Çünki Kreml Qərb hərbçilərinin Ukraynada mövcudluğunu dəfələrlə “qəbuledilməz” adlandırıb.
Qeyd edək ki, təhlükəsizlik zəmanətləri 18 avqustda Ağ Evdə keçirilən görüşdə Volodimir Zelenski, Avropa liderləri və Donald Tramp arasında əsas müzakirə mövzularından biri olub.
Görüşdən sonra Tramp bəyan edib ki, zəmanətlər müxtəlif Avropa ölkələri tərəfindən ABŞ-la koordinasiyalı şəkildə veriləcək. Lakin Amerikanın bu prosesdə hansı rolu oynayacağı barədə açıqlama verməyib.
ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi isə müttəfiqlərə bildirib ki, Vaşinqton Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsində minimal rol oynamağı planlaşdırır.