ABŞ prezidenti Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə son hücumlarını şərh etməyib. Çünki o və yaxın ətrafı belə hesab edir ki, Kiyevin əməliyyatı “dərin dövlətdən” gələn düşmənlərin və Co Baydenin əvvəlki administrasiyasının hiylələrinin nəticəsidir. Bu barədə Axios portalı yazıb. Nəşr mənbələrinə istinad edib.
Məqalədən belə çıxır ki, ABŞ dövlət başçısının ətrafında olan “nüfuzlu şəxslər” Kiyevin Vaşinqtonu qarşıda planlaşdırılan hücumla bağlı məlumatlandırmamasına görə öz qəzəblərini ifadə ediblər.
Portal yazır: "Ən yaxşı halda, onlar hücumu yeni yaranmaqda olan sülh danışıqlarına zərbə kimi qiymətləndirdilər. Ən pis halda onlar Ukrayna və Amerikanın “dərin dövlət” fiqurlarının ABŞ-ni münaqişəyə daha da cəlb etmək cəhdindən qorxublar".
“Axios” həmçinin Trampın tərəfdarı Cek Posobeçdən sitat gətirir ki, Ağ Ev keçmiş prezident Co Baydenin və ABŞ Demokratlar Partiyasının üzvlərinin Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya hücumunda əli olub-olmadığını araşdırmalıdır.
Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.
Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural