Prezidenti Donald Tramp ABŞ və dünya əhalisinin heyrətinə səbəb olan addımlar atmaqda davam edir.
İki gün əvvəl o, "Amerikanın Səsi" və “Azadlıq” radiosu da daxil olmaqla yeddi federal agentliyin bağlanması barədə fərman imzalayıb.
Əgər Trampın məqsədi dövlətinin puluna qənaət etməkdirsə, təkcə bu iki radionun bağlanmasından ildə filan qədər qabağa düşəcək.
Bəs bu cür qənaətcil addımlar ABŞ-yə nəyə başa gələcək – bu, hələ aydın deyil.
“Amerikanın Səsi” ABŞ Qlobal Media Agentliyinin bir hissəsidir. Qərargahı Vaşinqtonda yerləşən radio ingilis və 45 başqa dildə informasiya yayır.
Bir çox xarici dinləyicilər “Amerikanın Səs”inin fəaliyyətini bəyənsələr də, bunu Amerika təbliğatının bir forması və ABŞ hökumətinin ruporu kimi görürlər.
Əslində tərəflərin ikisi də haqlıdır. “Amerikanın səsi” rupordur, ancaq çox zaman obyektiv olmağa çalışan rupordur.
Eyni sözləri “Azadlıq” radiosu haqqında da demək olar. Hazırda ölkəmizdə bu radionun fəaliyyətinə tənqidi yanaşanlar çoxalmış olsa da, 35 il əvvəl bütün xalq qulağını radio cihazlarına dirəyərək Azərbaycan xalqının haqlı mübarizəsi, Moskvanın irticası haqqında obyektiv söz eşitmək istəyirdi.
Həmin illərdə məhz “Azadlıq” radiosu ölkəmizdə baş verənləri olduğu kimi həm ölkə xalqına, həm də dünyaya çatdırırdı və xalqda belə ümid və təsəlli yaradırdı ki, dünyadan təcrid olunmuş halda deyilik. Bu yerdə Mirzə Xəzəri anmadan keçmək mümkün deyil. Xalq arasında "Azadlıq" radiosu "Mirzə Xəzərin radiosu" kimi tanınırdı.
“Amerikanın Səsi” radiostansiyası ilk dəfə 24 fevral 1942-ci ildə efirə çıxıb və nasist Göbbelsin təbliğatını neytrallaşdırmaq missiyası daşıyıb. “Azadlıq” radiosu isə ötən əsrin 50-ci illərində yaradılıb. Onların missiyası “mətbuat azadlığının hakimiyyət tərəfindən məhdudlaşdırıldığı və ya hələ də ictimai həyatın normasına çevrilmədiyi ölkələrin auditoriyasına müraciət etməklə demokratik dəyərləri və təsisatları təbliğ etmək” olub.
Həmin vaxtlar dünyada siyasi qütbləşmənin yaranıb böyüdüyü, sosializm və kapitalizm düşərgəsinə daxil olan ölkələr arasında “soyuq müharibə”nin başlandığı dövrdür. Bu radioların siqnalları “Varşava müqaviləsi” ölkələrinə və SSRİ-yə ötürülürdü.
SSRİ-də və Şərqi Avropa ölkələrində baş verən hadisələrin, gedən proseslərin gerçək mahiyyəti sovet əhlinə bu radiolar vasitəsilə çatdırılırdı. Onların auditoriyası məhdud olsa da, radiosiqnallar çox zaman sovet pelenqatorları tərəfindən vurulsa da, insanlar SSRİ-yə gəlib çatan verilişlər sayəsində çox şeydən agah olurdular. Ona görə də ABŞ-nin radiolarına inam sovet dövlətinin mətbuatına olan inamdan daha böyük olub.
“Azadlıq” və “Amerikanın səsi” radiolarının ölkəmizə yönəlik fəaliyyətini əsasən 3 dövrə bölə bilərik: 1.Azərbaycan müstəqil olana qədər; 2. 2005-ci ilə qədər; 2005-ci ildən günümüzə qədər.
Birinci dövrdə hər iki radio ölkəmizdə gedən milli-azadlıq mübarizəsinə dəstək verirdi, ona görə də azadlıqsevər insanlar tərəfindən alqışlanırdı.
İkinci dövrdə Azərbaycan dövlətinin rəhbərliyi bu radioların tənqidi verilişlərinə dözümlü yanaşırdı. Onlar da əsasən obyektiv olmağa çalışırdılar. Bu radioların yaradıcı heyəti bəzən müxalifətə yaxınmış kimi görünsələr də, hakimiyyətdən də uzaqda deyildilər, lazımi anlarda hökumətə də loyal olurdular. Radioların yetkili şəxsləri Bakıya gələndə dövlət rəhbərliyi tərəfindən hörmətlə qəbul edilirdi.
Ancaq 2005-ci ildə sonra hər iki radionun, xüsusilə də “Azadlığ”ın verilişlərinin tənqidi artmağa başladı. Bu, ABŞ-nin Azərbaycandan umduğunu ala bilməməsi ilə bağlıydı. Böyük ehtimalla işin mayasında ABŞ-nin Azərbaycanı anti-İran koalisiyasına qoşa bilməməsi, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin yaratdığı separatçı qurumun müstəqil dövlət kimi tanınmasından imtina edilməsi kimi məsələlər vardı. Yoxsa ABŞ-nin Azərbaycan iqtidarına qarşı demokratiya və insan haqlarının bərqərar edilməməsinə görə sərt mövqe tutması fakt deyil. Çünki ABŞ ölkəmizdə keçirilən seçkiləri hər dəfə “demokratiyaya doğru daha bir addım” adlandırır, tanınmış və siyasətçilərin fəallların həbsdən buraxılmasını alqışlayırdı.
Sonrakı illərdə bu radioların erməni separatizminə açıq-aşkar dəstək verməsi, Ermənistandan yana olması, bu münaqişəyə görə Azərbaycanı haqsız göstərməsi halları artdıqca artdı, nəticədə hökumət xüsusilə də “Azadlıq” radiosunu “arzuolunmaz radio” elan etdi və yayımını məhdudlaşdırdı.
Budur, Tramp “demokratiyaya keçid dövrü” yaşayan 50-dən çox ölkənin hakimiyyətlərini “pis danışan” radioların verdiyi başağrısından xilas etdi.
Bu, həm də o deməkdir ki, ABŞ-nin yeni administrasiyası üçün başqa ölkələrdə demokratik düzənin bərqərar olub-olmayacağı, insan haqlarına riayət edilib-edilməyəcəyi prioretet məsələlərdən biri olmaqdan çıxıb. Uzun sözün kəsəsi, Tramp dünyaya belə bir mesaj verir: “Bizdən heç kimə haray yoxdur. Başlı başını saxlasın”.