Yaz mövsümü ilə əlaqədar müşahidə olunan qrip və respirator virus infeksiyaları təbii hal olsa da, təyinat olmadan aparılan müalicə ciddi fəsadlar verə bilər.
News365.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarət şöbəsinin məsləhətçisi Çinarə Hacıyeva deyib.
Onun sözlərinə görə, yaz mövsümü ilə əlaqədar uşaqlar və böyüklər arasında qrip və kəskin respirator virus infeksiyalarına yoluxma saylarında artım müşahidə olunması təbii hal kimi qiymətləndirilir:
"Bir çox hallarda etioloji müalicə ehtiyacı olmadan baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştaha yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir, bədən hərarəti normallaşır və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir".
Ç.Hacıyeva əlavə edib ki, yaz aylarında uşaqlar arasında rotavirus infeksiyası əsasən 5 yaşınadək uşaqlar arasında özünü büruzə verir:
"Xəstəliyin əsas əlamətləri qusma, yüksək hərarət və ishaldır. Yaz mövsümündəki xəstəliklərin ilk günlərində etioloji müalicə ehtiyacı olmadan yüngül simptomatik müalicə ilə xəstənin vəziyyətində yaxşılaşma müşahidə edilir. Lakin yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması hallarında həkim-mütəxəssisə müraciət edilməsi tövsiyə olunur”.
TƏBİB rəsmisinin sözlərinə görə, mövsüm dəyişkənliyi ilə əlaqəli yaz-yay aylarında yoluxucu xəstəliklərlə yanaşı, allergik xəstəliklərin də artması müşahidə edilir:
“Allergik xəstəliklərin simptomları, əsasən, burun, boğaz və gözlərdə müşahidə edilir. Burun axıntısı, gözlərin acışması və sulanması, tez-tez asqırmaq, dərinin qızarması, başağrısı və s. allergiyaya xas olan ilkin simptomlardır. Bəzi oxşar simptomlarla əlaqədar mövsümi allergik xəstəliklərlə kəskin respirator virus infeksiyalarını fərqləndirmək çətinləşir. Belə hallarda həkim-allerqoloqların konsultasiyası vacibdir".