Tibb işçiləri günündə Prezident tərəfindən tanınmış transplantoloq cərrah, tibb elmləri namizədi Mircəlal Mirkazım oğlu Kazımi Tərəqqi medalı ilə təltif olunub.
News365.az xəbər verir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssisidir.
Azərbaycanda, Cənubi Qafqaz və Orta Asiyada ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını, Azərbaycanda ilk dəfə uşaqlarda qaraciyər transplantasiyası əməliyyatını və ilk dəfə pediatrik böyrək transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda ilk və dünya səhiyyəsində nadir hesab olunan 5 yaşlı uşaq üzərində eyni anda həm ürək, həm də qaraciyər köçürülməsini icra etmişdir.
Azərbaycan Respublikasında ilk dəfə uşaqlar üzərində böyrək transplantasiyasını həyata keçirib. Bununla yanaşı 7 aylıq (6kq) körpəyə də qaraciyər transplantasiyası, eyni seansda bir xəstəyə həm qaraciyər, həm də böyrək transplantasiyası, bir xəstəyə qaraciyərin iki payı (dual liver transplantation) transplantasiyasını, bir xəstəyə eyni seansda açıq ürək və qaraciyər transplantasiyası, bir xəstəyə eyni seansda açıq ürək və böyrək transplantasiyası, çarpaz qaraciyər və böyrək transplantasiyası əməliyyatlarını icra etməsi ilə tanınıb.