Suriyada uzun illər davam edən münaqişə və xaosdan sonra ölkə tamamilə yeni mərhələyə qədəm qoyur. Regional güclərin mövqelərini yenidən formalaşdırması, ABŞ və Türkiyənin strateji hərəkətləri, həmçinin Suriyanın mərkəzi hakimiyyətinin təşəbbüsünü artırması bu mərhələnin əsas xüsusiyyətləridir.
Politoloq Züriyə Qarayeva News365.az-a açıqlamasında bildirib ki, Suriyada baş verən son hadisələr ölkənin uzun illər davam edən xaosdan çıxaraq tamamilə yeni və daha mürəkkəb mərhələyə daxil olduğunu göstərir.

Bu mərhələ təkcə vətəndaş müharibəsinin nəticələri ilə deyil, həm də regional güclərin mövqelərini açıq şəkildə yenidən formalaşdırması ilə xarakterizə olunur.
Z. Qarayeva vurğulayıb ki, son günlər yayılan məlumatlar Suriyanın həm hərbi, həm də siyasi baxımdan yenidən dizayn olunduğunu göstərir. Onun sözlərinə görə, Türkiyənin Dəməşq Beynəlxalq Hava Limanı ətrafına radar sistemləri yerləşdirməsi sıradan texniki addım deyil; bu, Suriyanın hava məkanındakı status-kvonun dəyişdirilməsi və Ankaranın regionda açıq institusional rolunun nümayişidir. Bu addım həm də İsrailin illərdir Suriyanın cənubundan həyata keçirdiyi əməliyyatlara ciddi məhdudiyyətlər yaradır.
Politoloq qeyd edib ki, ABŞ-ın mövqeyində də səssiz, lakin əhəmiyyətli dəyişikliklər müşahidə olunur. Vaşinqton artıq SDQ və YPG strukturlarını yalnız anti-terror məqsədli qüvvələr kimi deyil, eyni zamanda Suriyanın gələcək dövlət modelinə inteqrasiya imkanlarını nəzərdən keçirir. ABŞ rəsmilərinin açıqlamaları göstərir ki, prioritet parçalanmış hərbi strukturlar deyil, vahid və idarə olunan Suriya modelidir.
"Regionda hərbi hərəkətlilik artıb. Pəşmərgə qüvvələrinin müəyyən ərazilərə yerləşdirilməsi, Haşdi Şabi qruplarının sərhəd bölgələrinə cəmlənməsi və Rusiya hərbi mövcudluğunun qorunması Suriyanı çoxqatlı təsir zonalarına çevirir. Burada artıq tək bir cəbhə yoxdur; bir-birinə zidd maraqlar daşıyan aktorlar eyni məkanda fəaliyyət göstərir ki, bu da vəziyyəti daha həssas edir."
Kürd məsələsi yeni mərhələdə əsas düyün nöqtəsinə çevrilib. Z. Qarayeva bildirib ki, artıq silahlı mübarizə deyil, siyasi inteqrasiya və ya kənarlaşdırma dilemması ön plana çıxır. Müxtəlif dini və etnik liderlərin sərt bəyanatları göstərir ki, proses yalnız hərbi deyil, həm də ideoloji və sosial gərginlik yaradır. Suriyanın gələcək xəritəsi sərhədlərlə yanaşı, icmalar arasındakı münasibətlərlə də müəyyən olunacaq.
Politoloq vurğulayıb ki, Suriya dövləti də daha aktiv mövqe tutur. Rəsmi Dəməşqin YPG və SDQ nəzarətində olan ərazilərlə bağlı açıqlamaları mərkəzi hakimiyyətin tədricən təşəbbüsü ələ almağa çalışdığını göstərir. ABŞ-ın bu prosesə açıq müqavimət göstərməməsi isə regionda pərdə arxasında yeni razılaşmaların formalaşdığını ehtimal etməyə əsas verir.