Sumqayıt yaranandan bəri şəhərə müxtəlif vaxtlarda 17 nəfər rəhbərlik edib. Tarixə nəzər yetirsək, görərik ki, hələ 1930-cu ildə Bakının 20-ci rayonu sayılan Sumqayıtın ilk rəhbəri Kamran Hüseynov olub. II Dünya müharibəsindən sonra da -1945-1948-ci illərdə o, yenidən Sumqayıta rəhbərlik edib.
Sumqayıtın şəhər statusu alması isə Yəhya Məmmədovun rəhbərliyi dövrünə təsadüf edib. Belə ki, Y. Məmmədov 1949-1950-ci illərdə şəhərin katibi olub və onun rəhbərliyi cəmi bir ildən artıq olub.
Tale yolları sonralar Kamran Hüseynovu yenidən Sumqayıta gətirib və 1952-59-cu illərdə də ona Sumqayıta rəhbərlik etmək nəsib olub.
1959-cu ildə şəhərə Firidun Əliyev, üç il sonra isə - 1962-ci ildə Nadir Balakişiyev rəhbər təyin edilib. 1971-ci ildə onu əvəz edən Sabit Abbasəliyev Sumqayıtın katibi vəzifəsində 1974-cü ilə kimi çalışıb.
1974-78-ci illərdə Kamran Bağırov, 1978-79-cu illərdə isə Həsən Həsənov şəhərin rəhbəri olub. 1979-cu ildə şəhər rəhbəri estafetini götürən Şənlik Əliyev bu vəzifədə Sumqayıtın inkişafı, uğurları üçün 1985-ci ilə kimi çalışıb.
Sumqayıtda ermənilərin törətdiyi təxribatlar isə Cahangir Müslümzadənin rəhbərlik dövrünə (1985-88-ci illər) düşüb.
Sonrakı iki ildə - 1988-89-cu illərdə şəhərə rəhbərlik Zülfü Hacıyevə nəsib olub.
SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik qazanması dövrü isə Eldar İsmayılovun Sumqayıta rəhbərlik etdiyi dövrə (1989-92-ci illər) təsadüf edib.
AXC-Müsavat hakimiyyəti dövründə (1992-93) Yusif Sevdimalıyev Sumqayıt şəhər icra hakimiyyətinin başçısı kimi çalışıb. Ancaq onun Sumqayıta rəhbərliyi çox uzun sürməyib. Ə.Elçibəy prezident vəzifəsindən uzaqlaşdıqdan sonra - 1993-cü ilin iyununda o, vəzifəsi ilə vidalaşmalı olub.
Həmin vaxtdan şəhərin İcra hakimiyyətinin başçısı təyin olunan Şakir Abuşov bu vəzifədə 7 il çalışıb.
2000-ci ildə onu əvəz edən Təvəkkgül Məmmədov şəhərə cəmi 3 il rəhbərlik edə bilib.
2003-cü ilin aprelində mərhum prezident Heydər Əliyevin Sumqayıta məlum səfərindən sonra Təvəkkgül Məmmədov vəzifəsindən azad olunub və şəhərin yeni icra hakimiyyətinin başçısı vəzifəsinə Vaqif Əliyev təyin edilib.
O, bu vəzifədə 8 il çalışıb.
2011-ci ildən 2015-ci il sentyabrın 2-ə qədər isə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov olub.
2015-ci ilin sentyabrın 2-dən isə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovdur.
