Xüsusi Hərbi Əməliyyat (SVO-Rusiyanın Ukrayna müharibəsinə verdiyi ad-red.) veteranı, “Qəhrəmanların vaxtı” verilişinin iştirakçısı olmuş Zaur Qurtsiyev Stavropolun Çexov küçəsində baş verən partlayış nəticəsində ölüb. Bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov özünün Telegram-kanalında məlumat yayıb.
"Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - deyə rayon rəhbəri yazıb.
Qubernator onu da əlavə edib ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi xidmətin işçiləri işləyirlər. Ekspertlər baş verənlərlə bağlı bütün versiyaları, o cümlədən terror aktını nəzərdən keçirirlər.
Qubernatorun sözlərinə görə, hazırda şəhərdə vəziyyət sabitdir. Mövcud durum səlahiyyətlilərin nəzarətindədir.
Xatırladaq ki, mayın 28-də axşam saatlarında Stavropolun Çexov küçəsindəki yaşayış binasının həyətində partlayış baş verib. SHOT Telegram kanalı hadisə şahidlərinə istinadən yazıb ki, naməlum şəxs qumbara partladıb, nəticədə ətrafdakılar xəsarət alıb, tələfat olub.
Tural