Sonradan vaya çevrilən toylar- Tural İrfan yazır

Sonradan vaya çevrilən toylar- Tural İrfan yazır
30 Avq 2024 09:30

Toylar artıq milli adətlərdən kənara çıxıb və əcaib bir görkəm alıb. Vannada aş yeyən, bütöv dəvəni qızardıb qabaqlarına qoyan ərəblərə lağ edənlər özləri toyda 28 növ yemək - içməyi masaya düzür. Hərənin 7 qarnı var? Bu görməmişlik, bu tamah, bu bəhsləşmə haradan keçdi bizə bilmirəm. Masada dirsəyini qoymağa yer tapmırsan. İntellekti inkişaf etmiş, mənəviyyatı zəngin cəmiyyətlərdə toy bir fincan qəhvə yaxud şərbət, bir parça da şirniyyatla qeyd edilir. Çünki əsas qarına, çatlayana qədər yeməyə deyil, mənəvi qidaya önəm verirlər.

Bir - birinə zidd yemək və içkilərin demək olar ki, hamısından yeyir çox adam. Axşam da sancılanıb səhərə qədər qıvrılır, arada bir də zəhərlənmə baş verir. Şöhrətə meyl, bəhsə girmə evini yıxır bu cəmiyyətin.

Toy, nişan kimi məclislərdə birinci planda qarın, mədə, yemək yox, mənəvi zövq, mənəvi qidalanma öndə olmalıdır. Musiqi, müxtəlif təbriklər, şeir, söz, sənət nümayişi...

Ancaq bizdə belə deyil. Musiqinin səsini qapalı yerdə elə gur verirlər ki, yanındakı adamın qulağına söz demək üçün gərək bağırasan ki, bəlkə eşidə. Bu, vəhşilikdir. Toydan gələndən sonra adamın qulağı cingildəyir üç gün. Bayağı müğənnilər, bayağı musiqilər. Kimin hansı müğənni xoşuna gəlir yox, hansı daha məşhurdursa onu gətirməyə meyl edir. Əsas odur şan, şöhrət üçün desinlər ki, filankəsin oğlunun toyunda filan müğənni oxuyurdu.

Həzin, klassik musiqi ola, normal, abırlı müğənni ola, normal da istirahət edər qonaqlar. Yeməkdən, musiqidən tutmuş hər şey vəhşi üsuldadır toylarda. Bəlkə deyə bilmərəm, olmamışam, daha varlı, yuxarı məmur təbəqənin toylarında ola bilsin belə deyil.

Toyu çoxu pul yığmaq üçün edir. Yəni oğul evləndirib qız köçürmək bir bəhanə, bir səbəbdir ki, məclis təşkil edib pul yığsın. Hətta adam var ki, müəyyən səbəbdən (bəlkə də imkansızlıqdan) toyuna gələ bilməyən adama sabahı bir sini boyat dolma - aş, bir də ağ dəftər yollayır ki, mən sənin oğlunun toyuna gəlmişəm, pul yazdırmışam, xeyir ola sən gəlmirsən? Yeməkdən ye, pulu da at bura. Ona görə gedə bilməyən də mütləq gedən tanışından toya pul yollayır. Yəni, başdan ayağa alver, biznes, maddi mənafe... Halbuki toya hədiyyə, bir dəstə gül ilə getmək olar. Fəqət toy sahibi elə bir əndazə açır ki, sən də məcbur olursan heç olmasa masanın pulunu verəsən. Sanki bahalı bir restoranda yemək yeyib hesabı da verib gedirsən. Nahaq müsəlman qaydasında toy, belə alver, əvəz ödəmə, borc qaytarmaq üsulunda olmur.

Ancaq əslində toy sadə, səmimi şəraitdə olmalıdır. Yoxsa bir toya getmək üçün icarəyə paltar axtaran kim, yazılmağa borc alan kim... Sadə, yüngül yeməklər, həzin və əsasən milli musiqi olmalıdır, özü də hay - həşirsiz. Nərə çəkən "tamadalar" da bağıra-bağıra yox, camaatın istirahət edib yemək yediyini nəzərə alaraq astadan lazımi fikirlər deməlidir.

Sadəlik hər şeydən ucadır. Əksinə belə toylara inkişaf etmiş ölkələrdə ikrahla baxırlar. Görməmişlik, acgözlükdür bu çünki. Sanki dünyanın axırıdır, həyatın son saatlarıdır, ona görə hər şeydən yeyib, çatlayana kimi qarnını doldurub vidalaşmalısan danya ilə...

Allah deyir, israf etməyin. Bu, ən böyük israfdır. Bir adamın bir neçə növ yeməyi, içkini, meyvəni, tərəvəzi bir-birinə qatıb yeməsini mütəxəssislər vəhşilik sayır və insanın həyatı üçün təhlükəli olduğunu deyirlər. Çoxu da pul yazdıracaq deyə o pulun dəyəri qədər ləpə, kişmiş, aş, meyvə, toyuq budu, balıq, kürü yeməyə cəhd edir. Beynində təxmini hesablayır, məbləğin dəyərinə çatanda bir az ara verir, rəqs edir ki, yemək aşağı sinsin, qayıdıb təzədən başlasın.

Toyumuz belə, vayımız belə. Kreditə, borca girib nə məcburdur bu həngaməni çıxarasan? Hər şeyi gendən götürərək, hər şeyin ən bahalısını düşünməkdirmi yaxşı olan? Budurmu adətimiz?

Belə adət olmaz. Əgər adət olsa belə bunu tərk etmək lazımdır. Çünki ziyanlı və zərərli adətdir, gələcəyimiz üçün, dövrümüz üçün xarakterik deyil.

Tural İrfan, MCP-nin sədr müavini


Sizin reklam burada
Sizin reklam burada