Şikayətlərin sayı niyə azalıb? – Apellyasiya mərhələsinə maraq səngiyir

Şikayətlərin sayı niyə azalıb? – Apellyasiya mərhələsinə maraq səngiyir
31 May 2025 12:55

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 13-də keçirilən buraxılış imtahanı verən 9-cu siniflərin sayı 51 min 237 nəfər idi. Onlardan 337-si imtahana gəlməyib, 6 nəfərin nəticəsi isə imtahan qaydalarını pozduğu üçün ləğv edilmişdi.   

News365.az xəbər verir ki, 50 min 894 nəfərin sadəcə 428-i apelyasiyaya müraciət edib. Bu da imtahanda iştirak edənlərin sadəcə 0,84 faizini təşkil edir.   

Ekspertlər qeyd edir ki, bunun səbəbi apellyasiya qaydalarında müəyyən dəyişikliklə bağlıdır. 

Qeyd edək ki, 11-ci sinif üzrə buraxılış imtahanlarında iştirak etmiş 30 abituriyentin yazı işinə verilən bal Apellyasiya Komissiyasının qərarı ilə endirilmişdir.     

Apellyasiya qaydaları dəyişəcək.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə isə öz növbəsində vurğulayıb ki, növbəti ildən apellyasiya qaydalarında dəyişiklik ola bilər.   

“Bu il buraxılış imtahanlarından sonra da müşahidə etdik ki, abituriyentlər tərəfindən apellyasiyaya əsaslandırılmamış müraciətlər çoxluq təşkil edir.

Bu isə mövcud resurslarımızın lazımından artıq sərf olunmasına səbəb olub". 

O bildirib ki, əksər Avropa ölkələrində apellyasiya müraciətləri ödənişlidir:

“Azərbaycanda isə bu proses hazırda ödənişsiz şəkildə həyata keçirilir. Lakin növbəti ildən bu sahədə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, əsaslandırılmamış, səbəbi göstərilməmiş apellyasiya müraciətlərinin qəbulu məhdudlaşdırılacaq”.   

Onu da qeyd edək ki, 11-ci siniflər arasında keçirilən buraxılış imtahanında apellyasiyaya müraciət edən abituriyentlərin sayı ümumilikdə 10 min 981 idi. Onların 6 min 305-i 2 mart, 4 min 676-sı isə 9 mart tarixində keçirilən imtahanda iştirak edib. 


Sizin reklam burada
Sizin reklam burada