Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri, millət vəkilləri və dini konfessiyaların rəhbərləri üçün açdığı iftar məclisi zamanı çıxış edib.
News365.az xəbər verir ki, o çıxışında Qarabağın azad olunmasından sonra dini-mənəvi dəyərlərin bərpasının vacibliyini vurğulayıb və Qarabağa Böyük Qayıdış prosesinin uğurla davam etdiyini bildirib.
Şeyxülislam qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bununla yanaşı, Ermənistanın işğalı dövründə bu ərazilərdə törədilmiş vandalizm aktlarının miqyası da açıq şəkildə görünür. O, məscidlərin dağıdılması və dini abidələrə qarşı barbar münasibətin Azərbaycan xalqının yaddaşından silinməyəcəyini vurğulayıb.
Allahşükür Paşazadə çıxışında həmçinin Azərbaycanın İslam dünyasının ayrılmaz bir parçası olduğunu, islamofobiya ilə mübarizə apardığını və İslam həmrəyliyini gücləndirmək üçün fəal rol oynadığını bildirib. O, xüsusilə Azərbaycanı dəstəkləyən İslam ölkələrinə, eləcə də Türkiyə, Qazaxıstan, Türkmənistan və digər dost dövlətlərə təşəkkürünü ifadə edib.
Sonda Şeyxülislam Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu, bölgədə sülh və sabitliyin təmin olunması üçün ölkəmizin müstəqil siyasət yürütdüyünü qeyd edib. O, Ermənistanın sülh prosesinə mane olmaq cəhdlərini, eyni zamanda, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının pozulmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Şeyxülislam çıxışını dualarla yekunlaşdıraraq, xalqımıza əmin-amanlıq və firavanlıq arzulayıb.
Qeyd edək ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri, millət vəkilləri və dini konfessiyaların rəhbərləri iştirak ediblər.
İftar süfrəsi Ramazan ayının mənəvi dəyərlərini vurğulamaq, dostluq və həmrəyliyi möhkəmləndirmək məqsədilə təşkil olunub. Tədbirdə dini-mənəvi dəyərlərin qorunması, müxtəlif xalqlar və dinlər arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İştirakçılar birlik və qarşılıqlı hörmətin vacibliyini qeyd edərək, belə görüşlərin sülh və qardaşlıq münasibətlərinə töhfə verdiyini bildiriblər.