Şəmkir rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində təsərrüfatlarda monitorinq aparılıb, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Monitorinqdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev iştirak ediblər.
Baxış zamanı 2 hektar ərazidə yaradılan yeni istixanada işlərin 95 faizinin tamamlandığı bildirilib. Təsərrüfatda müasir suvarma sistemi quraşdırılıb, dekabr ayında tinglərin əkilməsinə başlanılması, növbəti ildən isə torpaqsız əkin üsulunun tətbiqi nəzərdə tutulur.
Monitorinq çərçivəsində 57 hektar ərazidə salınan nektarin bağına da baxış keçirilib. İxrac yönümlü məhsul istehsalı məqsədilə yaradılan bağda xaricdən gətirilmiş sertifikatlı tinglərdən istifadə olunub, müasir suvarma şəbəkəsi qurulub. Təsərrüfatda növbəti il məhsul yığımının həyata keçirilməsi planlaşdırılır.
Balıqçılıq təsərrüfatlarında da Dövlət Proqramının yaratdığı imkanlar müzakirə olunub. Bildirilib ki, proqramın qəbulundan sonra sahibkarların bu sahəyə marağı artıb, mövcud təsərrüfatların genişləndirilməsi və yeni təsərrüfatların yaradılması istiqamətində layihələr həyata keçirilir.
Monitorinq zamanı fermerlərlə görüşlər keçirilib, onların qarşılaşdıqları problemlər və təkliflər dinlənilib. Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan dəstək mexanizmlərinin fermerlərə çatdırılması, problemlərin həlli üçün koordinasiyalı fəaliyyətin təşkili və maarifləndirmə tədbirlərinin davam etdirilməsi diqqətə çatdırılıb.
Qeyd edək ki, Dövlət Proqramının icrası ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinin yanında daimi qərargah yaradılıb və müvafiq İş Planı təsdiq edilib.




