Uzun müddətdir şəkərə daha təhlükəsiz alternativ kimi təqdim olunan dadlandırıcı maddələrdən biri olan eritritolun sağlamlıq üçün riskli ola bilər.
News365.az xəbər verir ki, protein batonları, enerji içkiləri və müxtəlif “şəkərsiz” məhsullarda geniş istifadə edilən bu maddə ilə bağlı yeni elmi tapıntılar narahatlıq doğurur.
Kolorado Universitetində aparılan araşdırmaya görə, eritritol beynin qoruyucu sisteminə zərər verə bilər. Bu isə insult, iflic və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.
Tədqiqat nəticələrinə əsasən, eritritol damarların daralmasına və qan axınının pozulmasına səbəb ola, qanın laxtalanma ehtimalını artıraraq infarkt riskini yüksəldə bilər. Eyni zamanda, beyni zərərli maddələrdən qoruyan hüceyrələrə mənfi təsir göstərdiyi bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, məhsulların üzərində “şəkərsiz” yazısının olması onların tamamilə zərərsiz olduğu anlamına gəlmir və bu cür maddələrdən istifadə zamanı diqqətli olmaq vacibdir.