Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur.
News365.az xəbər verir ki, Balaqusar kəndi ərazisində tikilən beşmərtəbəli binaların inşasına 2025-ci ilin oktyabr ayında başlanılıb.
56 mənzilli yaşayış binalarında mənzillər bir, iki və üç otaqlıdır. Hazırda binaların zirzəmiləri inşa olunur.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon filialının rəhbəri Canəli Hörmətov bildirib ki, torpaqlarımızın azadlığı uğrunda 114 qusarlı şəhid olub və 251 nəfər yaralanıb.
"Bizim rayonda 1 100 nəfərə yaxın müharibə iştirakçısı var. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Hazırda Qusarda bu kateqoriyadan olan şəxslər üçün çoxmənzilli binaların inşa olunması da bunun bariz göstəricisidir. Bundan əvvəl rayonda 44 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzil və fərdi evlə təmin edilib", - deyə Canəli Hörmətov söyləyib.
İşlər başa çatdıqdan sonra mənzillər şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə paylanılacaq.