İnsanlar savab qazanmaq, Allahın razılığını əldə etmək istəyirlərsə davamlı savab gətirən işlər çox görməlidirlər. Tutaq ki, müstəhəb Həccə getmək əvəzinə ehtiyacı olana yardım etmək daha üstündür. Kasıb tələbənin təhsil haqqını ödəsən onun gələcəkdə o təhsilin nəticəsində gördüyü bütün xeyirli işlərin savabına şərik olacaqsan. Su olmayan bir məkana su çəkdirib, bulaq tikdirsən sudan istifadə edildikcə onun savabı sənə də yazılacaq. Körpü salsan, evsizə koma tiksən o körpüdən keçildikcə, o ailə o evdə yaşadıqca sənə davamlı savab istehsal olunacaq. İslama görə bütün xeyirli və şərli işlərə, o əməlləri başqaları təkrarladıqca ilk icra edənlər də buna şərikdirlər. Qabil ilk adam öldürən şəxs sayılır. Hələ də dünyada nə qədər qatil varsa onun günahından Qabilə də yazılır. Çünki bu əməlin təməlini ilk dəfə o qoyub. İdris peyğəmbər ilk tikili paltar icad edən və ilk dərs keçən müəllim sayılır. Hazırda bütün dərzi və müəllimlərin savabından ona da gedir. Bütün sahələrdə belədir. Bütün qurucu, xeyirxah adamlar həmişə fəxrlə, məhəbbətlə yad edilir. Pis və ziyankar adamlar isə nifrət və lənətlə yad edilir.
İmam Əli əleyhissəlam buyururdu ki, vaciblərə xələl gətirən müstəhəblərdən uzaq olun. Yəni, əsas ön plana daha önəmli olan çəkilməlidir. Hətta daha önəmli olduğu halda vacib hökmlərin belə təxirə salınmasına dinimiz icazə verir. İnana vacib namaz qıldığı halda qonşunun evinin yandığına əmin olsa ona vacibdir ki, dərhal namazı dayandırıb köməyə tələssin. Bu, dinin ilahi mizanı, səmavi meyarları, insani, humanizm fəlsəfəsidir.
Həcc mükəlləf olan adama ömründə bircə dəfə fərzdir. Növbəti dəfə getməsi müstəhəbdir. Amma kasıba yardım etmək, evsizə ev tikmək, aca çörək, xəstəyə dərman almaq imanlı və imkanlı adam üçün mənəvi borcdur. Allah bəzi şəxslərə var - dövlət, maddi imkanı digərlərindən ona görə daha çox verir ki, onları sınağa çəkir. Və kasıblara da onun əli ilə yardım etməyi iradə edir. Bunu ona görə edir ki, cəmiyyət arasında bir - birindən asılılıq, sosial münasibətlər inkişaf etsin. Birində olmayan o birində var, kimdə nə yoxdursa olmayan olandan istəsin. Digərində çox olanı o da başqaıarı ilə paylaşsın. Yoxsa hamı eyni imkanda olsa, standart şəkildə hər kəs hər şeydən müstəğni, ehtiyacsız olsa onda heç kəsin heç kəsə işi düşməz, heç kəs heç kəsə müraciət etməz, quru bir bəşəriyyət, süni bir cəmiyyət ortaya çıxar.
Dünyada ruzi, pul, mülk dövr etməlidir insan bədənindəki qan kimi. Bu zaman bərəkət də artacaq. Zəkat, sədəqə, fitrə, fidyə, nəzir, qurban payı kimi vergi və ianə növləri Allahın insanlar arasındakı sosiallaşmasını təmin etməsi məqsədi ilədir.
Davamlı savab gətirən işlər daha gözəldir, daha fəzilətlidir.
Yas mərasimlərində israfçılıq etmək, böyük başlı mal - qara kəsib borca düşmək doğru deyil. Əvvəla dinimiz buna yol vermir. Yas sahibinə yük olmağı deyil, onun ailəsinə yemək, ərzaq aparmağı tövsiyyə edir. Mərhum üçün də davamlı savab gətirən başqa xeyirli işlər görmək əfzəldir. Görürsən bir küçədə yaxını vəfat edən hər kəs böyük çadırlar qurub çoxsaylı insanlara dəfn günü, 3-7, 40 və başqa günlərdə ət xörəkləri verir. Bu da bir dəfə yeyilir, bitib gedir. Amma küçənin yollarında meyiti aparan maşınlar çala-çuxurla güclə qəbristanlığa gedib çata bilir. Belə durumda borc, kredit alaraq israfçılığa yol verib camaata günlərlə dana kəsib bişirməkrənsə camaat həmin vəsaitin yarısını üst-üstə qoyub yollarını düzəltsə davamlı savab gətirər. Elə həmin mərhumların ehsanı niyyətinə də bu işi görələr. Ehsan təkcə yemək deyil. Bəzən yanlış olaraq ehsanı yalnız qarın, yemək ilə ölçürlər. Ehsan, yaxşılıq deməkdir. Yol çəkmək, bulaq tikmək, körpü salmaq da ehsandır. Adamlar reklama və etdikləri yaxşılığın görünməsinə, bilinməsinə, təqdir olunmasına qaçmamalıdırlar. Allah bilir, qiymətini, əcrini də o özü verəcək. Bu, kifayətdir. Ən əsası isə mərhuma da davamlı rəhmət və savab qazandırar. Həzrət Muhəmməd Peyğəmbər salavatullah da buyurur ki, ən xeyirli əməl davamlı olandır. Eyni zamanda xeyri əməlin davamlı xeyir verməsi və xeyir gətirməsidir.
Borcla, xərcə düşərək verilən yemək ehsan deyil, zülmdür. Bu, sonda xeyir yox, zəhmət verir. Bəzən də adını adət qoyaraq qınaqdan qorxan adamlar özləri də istəmədən bu yükün altına girirlər. Qətiyyən olmaz. Yaxşı adətləri yaşamaq lazımdır, mənfi nəticələrə gətirən xurafatları deyil.
Sonra da adətdən geridə qalmamaq üçün bahalı qəbir daşları düzəldirlər. Hər qəbristanlıqda milyonlarla vəsait israf olunur. Bu da günahdır. İslama müxalifət etməkdir. Adi və sadə, standart niçangah olsa yetər. Dövlət üçün, xalq üçün böyük əhəmiyyəti olmuş simalar istisnadır. Onlar üçün abidələr, məqbərələr tariximizin, mədəniyyətimizin təqdimatıdır, rəmzidir. Lakin ümumi əhali üçün, ənənəvi şəkildə məqbərə, abidə tikmək davam etsə ölkədə ölü dəfn etməyə yer qalmaz. Həddən artıq israfçılıq və təzad yaranar. Əksər müsəlman ölkələrində qəbirlər standart və sadədir. İmkanlı adamlar qəbrin üstünə yüksək məbləğ dəyərində bahalı mərmər daşlar qoydururlar, çox zaman da talvar, abidə və qəribə tikililər inşa edirlər. İmkansızlar da ondan geri qalmamaq, "adətdən" kənara çıxmamaq üçün məcbur olub kredit, borc, sələm götürüb həmin daşlardan, mərmərdən alıb qoyular. Nə qədər gülünc, nə qədər cahilanə əməldir bu!
Bahalı daşlar olan məzarlıqların çoxunun yolu, çala - çuxurdan ibarət torpaq yoldur. Yaxud əl yumağa bir bulağı yoxdur. Kənddə ehtiyacı olan, yetim, köməksiz adamlar var. Məzarləqda isə milyon manatlıq qəbir daşları. Bu hansı dindirsə dəqiq bilirəm ki, İslam deyil. Qonşusu ac ikən yox yatan məndən deyil, deyən bir Peyğəmbərin ümməti belə ola bilməz. Düşünür ki, mən filan yetimin təhsil haqqını versəm, bəlkə də çox adam bunu bilməyəcək. Amma atama bahalı daş qoyum ki, görənlər desin, nə gözəl övladdır. Bəziləri də sağlığında valideynlərinə dəyər verməyib, amma öləndən sonra xaricdən gəlib üstündə günbəz tikir. Kimə lazımdır bu? Amma davamlı fayda verən, savab gətirən, ictimaiyyətə xeyirli işlər görsə, bunu da mərhum valideynləri üçün ehsan olaraq etdiyini desə, bu min dəfə savab və Allah qatında fəzilətli əməl sayılar.
Gərək hər rayonun, qəsəbənin, kəndin ağsaqqalları, başbilənləri, din xadimləri bu məsələləri əhaliyə tövsiyyə etsinlər, bəzən özləri də nümunə olsunlar. Əyani şəkildə əvvəlcə özləri icra edərək bir cığır açsınlar. Camaatı bu xurafatdan, israfdan, uçurumdan xilas etsinlər.
Adam öləndə adını ehsan qoyub qonaqlıq verməyi, adını qəbir daşı qoyub üstündə məqbərə tikməyi tərk etmək lazımdır. Əgər bu adətdirsə çox pis adətdir. Qışın oğlan çağında kasıbın atası ölür, camaat da isti kürkə bürünərək əli cibində çadırın altında oturub bozbaş, halva gözləyir. Yemək zəif olanda da deyinir ki, heyf rəhmətliyin zəhmətinə, oğlu atasını urvatsız elədi. Sanki urvat halva, aş və bozartma ilə ölçülürmüş.
Camaatı kəndin, qəsəbənin sözü keçən adamları maarifləndirməli, başa salmalıdır. Sənin imkanın var, yasında qonaqlıq verirsən. Kasıbın imkanı yoxdur, o verə bilməyəndə qüruru sınır, ona ağır gəlir. Pis adət də olsa adətdən geri qalmaq istəmir. Ona görə öncə bunu elə imkanlı adamlar yığışdırmalıdır. Dövlət üçün, xalq üçün, rayonun, kəndin üçün faydalı ol, xeyirxahlıq et, bundan hasil olan savabı da bağışla atanın, ananın ruhuna. Qoy eşidən, bilən, görən də rəhmət oxusun.
Tural İrfan, ilahiyyatçı