Fransanın keçmiş Prezidenti Nikola Sarkozi (2007-2012-ci illərdə prezident olub) ölkənin ən yüksək dövlət mükafatı olan "Fəxri Legion" ordenindən məhrum edilib.
Bu barədə "Journal Officiel"a istinadən xəbər verir.
Qərar Sarkozinin əvvəllər nüfuz alveri və istintaqa təzyiqə görə bir il müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədar qəbul edilib.
Beləliklə, Sarkozi Fransanın marşal Filip Petendən sonra bu ordendən məhrum edilən ikinci dövlət başçısı oldu. O, 1945-ci ilin avqustunda vətənə xəyanətdə və düşmənin xeyrinə kəşfiyyat işində ittiham olunduqdan sonra bu mükafatdan məhrum edilib.
Məhkəmə 2021-ci ilin martında Sarkozini telefon dinləmələri ilə bağlı təqsirli bilib. O, üç il müddətinə azadlıqdan məhrum edilib, bunun bir ili şərti deyil, həqiqi azadlıqdan məhrum etmə olub. Məhkəmə onun cəzasını həbsxanadan kənarda, lakin elektron qolbaqla çəkməsinə icazə verib.
İstintaqın məlumatına görə, 2014-cü ildə Sarkozi seçki kampaniyasının Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaqa dair məlumat əldə etmək üçün vəkili vasitəsilə Kassasiya Məhkəməsinin hakimi Jilber Aziberə rüşvət verməyə cəhd edib. Rüşvət cəhdi Sarkozinin danışıqlarının dinlənilməsi zamanı aşkar edilib.
Fəxri Legion ordeni 1802-ci ildə Napoleon I Bonapart tərəfindən təsis edilib.