Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
News365.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Hökmən əsasən, Zahid Niftəliyev bu iş üzrə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Onun digər cəzası ilə qismən toplanmaq yolu ilə birləşdirilməkdə qəti olaraq Zahid Niftəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzası 2023-cü ildən hesablanacaq.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Zahid Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Zahid Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “AtaBank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb./APA