Ötən gün bir sıra media resurslarında SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun guya Balakən icra başçısının “qudası” olması, Almaniyada onlarla mənzilə sahib çıxması, milyardlarla vəsaitə malik olması və Ramiz Mehdiyevlə əlaqələri barədə məlumatlar yayılıb. Həmin məlumatda Mikayıl İsmayılovun Ramiz Mehdiyevlə xüsusi əlaqələrinin də olduğu qeyd edilib.
News365.az xəbər verir ki, məsələ ilə bağlı Mikayıl İsmayılovun vəkili Şaiq Mirzəyev bu məlumatların yalan olduğunu deyib:
“Son günlər mətbuatda Mikayıl İsmayılov barəsində yayılan məlumatlar həqiqətə uyğun deyil. Onun Balakən icra başçısının "qudası" olması, Almaniyada onlarla mənzilə sahib çıxması və milyardlarla vəsaitə malik olması həqiqətə uyğun deyil. Mikayıl İsmayılovun Ramiz Mehdiyevlə heç bir xüsusi əlaqəsi olmayıb. Bunun hüquqi, faktoloji və sənədli əsası yoxdur. Məlumatlar Mikayıl müəllimin reputasiyasına zərbə vurmaq məqsədilə yayılmış dezinformasiyadır.
Bir daha bildiririk ki, qeyd edilən ittihamların heç biri reallığa uyğun deyil və hazırda bu məlumatları yayan media subyektləri barədə hüquqi prosedurların başlanması nəzərdən keçirilir. Jurnalistlər yaydıqları məlumatların məsuliyyətini dərk etməli, onları araşdırmalı və rəsmi mənbələrə istinad etməlidirlər".