Ukrayna ordusu Rusiyanın Baltik regionundakı neft infrastrukturuna qarşı hücumlarını kəskin şəkildə artıraraq, xam malın ixracı və emalını tamamilə iflic etmək strategiyasına keçib.
Əsas hədəflər arasında Rusiyanın strateji əhəmiyyətli Primorsk və Ust-Luqa limanları, həmçinin Yaroslavl və Kirişi neft emalı zavodları (NEZ) yer alıb.
Analitik Yevgeni İstrebinin qənaətinə görə, hazırda vurulan bu obyektlər və fəaliyyəti dayandırılmış "Drujba" kəməri vasitəsilə gündəlik 2,6 milyon barel neft daşınırdı ki, bu da Rusiyanın ümumi neft hasilatının 28%-ni təşkil edir.
Ekspert vurğulayır ki, bu nəhəng axını texniki səbəblərdən başqa regionlara yönləndirmək qeyri-mümkündür. Ukraynanın bu əməliyyatda əsas məqsədi neft ixracını bir neçə ay müddətinə tamamilə bloklamaqdır.
Bu baş verərsə, Rusiyadakı bütün anbarlar dolacaq və istehsalçılar məcburi şəkildə quyuları konservasiya etməli olacaqlar. Bu isə Rusiyanın ümumi neft hasilatının gündəlik 1–2 milyon barel azalması və milyardlarla dollar itki deməkdir.
Baltik dənizi sahilindəki strateji terminalların PUA hücumları ilə sıradan çıxarılması Rusiyanın büdcə gəlirlərinin ən böyük mənbəyinə sarsıdıcı zərbə vurmaqla yanaşı, dünya bazarında da yanacaq qiymətlərinin kəskin dəyişməsinə səbəb ola bilər.