Prezident
İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar
bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv
edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, "Bakı
Metropoliteni" "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin
ona qoşulması formasında yenidən təşkil edilir.
Maraqlıdır, bəs görəsən, taksi xidmətində ödənişləri "BakıKart" ilə etmək mümkün olacaq?
Məsələ ilə bağlı sorğuya cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, proses yeni başladığı üçün ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən edilməyib:
"BakuBus"
MMC və "Bakı Taksi Xidməti" MMC-nin "Bakı Metropoliteni"
QSC-yə qoşulması ilə baş vermiş müvafiq yenilik şəhərdaxili ictimai nəqliyyatda
vahid idarəetmə modelinə keçidin tərkib hissəsidir. Proses yeni başladığı üçün
ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən
edilməyib.
Hazırkı mərhələdə
əsas məqsəd müxtəlif nəqliyyat növlərinin vahid sistem daxilində daha səmərəli
və koordinasiyalı idarə olunmasını təmin etməkdir. Gələcəkdə bu baxımdan sərnişinlər
üçün ödəniş mexanizmlərinin daha rahat, çevik və rəqəmsal həllər əsasında
inkişaf etdirilməsi istiqamətində müxtəlif yanaşmalar nəzərdən keçirilə bilər.
Bununla belə, hər hansı yeni modelin tətbiqi ilə bağlı qərarlar yalnız texniki,
əməliyyat və iqtisadi qiymətləndirmələrdən sonra veriləcək.
Bakıda metro və avtobus sistemində tətbiq olunan "BakıKart" modeli artıq multimodal ödəniş infrastrukturunun formalaşmasına imkan yaradıb. Beynəlxalq təcrübədə də vahid ödəniş sistemlərindən sərnişin rahatlığının artırılması üçün geniş istifadə olunur. Dünyanın bir sıra şəhərlərində sərnişinlər metro, avtobus və taksi xidmətlərindən eyni tətbiq, vahid balans və ya ümumi nəqliyyat kartı vasitəsilə istifadə edə bilirlər.
Müasir
beynəlxalq təcrübədə metro və taksi xidmətlərinin inteqrasiyası üzrə müxtəlif
yanaşmalar tətbiq edilir. Bir sıra şəhərlərdə metro çıxışlarında xüsusi taksi zonaları
yaradılır, sərnişinlərin mənzilbaşına hərəkətini təmin edən digər xidmətlərdən
istifadə edilir.
Əsas məqsəd sərnişinlər üçün ödəniş və hərəkət prosesini daha sürətli, rahat və şəffaf təşkil etməkdir. Prosesin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur və gələcəkdə tətbiq oluna biləcək yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcək".( Oxu.Az)