Rumıniya Senatının nümayəndə heyəti Xankəndidə olub

Rumıniya Senatının nümayəndə heyəti Xankəndidə olub
19:30

Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku Tsıqırlasın başçılıq etdiyi nümayəndə Xankəndidə səfərdə olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən News365.az-a verilən məlumata görə, bu gün heyətlə görüş keçirilib.

Görüşdə bildirilib ki, Xankəndi şəhərində dayanıqlı məskunlaşmanın təmin edilməsi, infrastruktur və iqtisadiyyatın bərpası prioritet istiqamətlərdəndir. Burda investorlar üçün münbit şərait var. Hazırkı dövrədək əraziyə investorlar tərəfindən 56 milyon manatdan çox investisiya qoyulub. Fəaliyyətə başlamış sahibkarlıq subyektləri üzrə 2200-ə yaxın şəxs işlə təmin olunub. İlin sonunadək digər obyektlər fəaliyyətə başladığında iş yerlərinini sayı 5 mini ötəcək.

Qonaqlara əhalinin məskunlaşması barədə də məlumat verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Telman Kərimli deyib ki, Xocalı şəhəri və Ağdərə rayonuna ailələrin köçü təmin olunub. Bugünədək Xocalı və Ağdərədə 770 ailə məskunlaşıb. İlin sonunadək isə 800 ailənin köçürülməsi planlaşdırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov isə Xankəndinin gənclər şəhəri kimi formalaşacağından danışıb. Qeyd olunub ki, Qarabağ Universiteti bölgənin gənc kadrlarla təmin edilməsi və elm mərkəzinə çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Gələcəkdə Qarabağ Universitetinin Maramureş vilayətindəki Texniki Universitetlə əməkdaşlığı da nəzəzrdən keçirilə bilər.

İlk dəfədir ki, Xankəndiyə səfər etdiyini deyən Rumıniya Senatının Maramureş vilayətindən olan üzvü Kristian Auqustin Nikulesku Tsıqırlas isə Qarabağın gözəlliyindən, füsunkar təbiətindən, turizm və sənaye potensialından, Xankəndi ilə Maramureş vilayətininn əməkdaşlıq imkanlarından söz açıb. Bura mədəniyyət və incəsənət sahəsində folklor, musiqi, rəqs və teatr festivallarının qarşılıqlı təşkili, qardaşlıq münasibətlərini simvolizə edən “Mədəniyyət günləri”nin keçirilməsi, turizm, iqtisadiyyat, təhsil, ictimai diplomatiya sahəsində əməkdaşlıq da daxildir.

Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da regionlararası əməkdaşlıq, ölkələr üçün də vacibdir deyib. Xankəndidə olan qonaqlara milli atributları xatırladan müxtəlif hədiyyələr də təqdim olunub. Rumıniya parlamentinin üzvləri, Xankəndi şəhərində gedən bərpa- quruculuq işləri ilə də tanış olub, Qarabağ Universitetini ziyarət ediblər. Şuşa şəhərini də gəziblər.


Sizin reklam burada
Sizin reklam burada