"Azərbaycanın siyasi kursu tam müstəqil xarakter daşıyır və əsas hədəfi dövlətin suverenliyi, ərazi bütövlüyü və xalqın rifahıdır."
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev News365.az-a açıqlamasında bildirib ki,
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin son Kəlbəcər səfərində səsləndirdiyi mesajlar həm region, həm də beynəlxalq ictimaiyyət üçün mühüm siqnal oldu:
“Son hadisələr göstərir ki, sülh danışıqları hələ də arzulanan nəticəni verməyib. Lakin Azərbaycanın Vaşinqtonda irəli sürdüyü mövqe bir daha təsdiqlədi ki, biz sülh tərəfdarıyıq. Bunun əksinə, müəyyən qüvvələr prosesləri pozmağa və vasitəçi qismində çıxış edərək tərəfləri öz maraqlarına uyğun istiqamətləndirməyə çalışırlar. Amma bu cəhdlərin nəticə verəcəyi inandırıcı deyil”.
Arzu Nağıyev əlavə edib ki, Azərbaycan qarşıdakı risk və təhdidlərin hamısını nəzərə alaraq, hərbi, siyasi və iqtisadi gücünü daim artırır:
“Ordu quruculuğu, müdafiə sənayesinin genişləndirilməsi və müasir silahların alınması ölkəmizin prioritetlərindəndir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan həm Ali Baş Komandanın qətiyyətinə, həm də xalqın birliyinə arxalanaraq istənilən təhlükəni dəf etmək gücündədir. Bu gün də həm dinc quruculuq işləri davam etdirilir, həm də dövlətimizin suverenliyi qorunur. Qarabağ müharibəsindən sonra bütün hərbi qüvvələrin – quru, hava və dəniz qoşunlarının inkişafı xüsusi diqqət mərkəzindədir. Bu reallığı beynəlxalq ictimaiyyət də görür və hər kəs anlamalıdır ki, Azərbaycanın mövqeyi dəyişməzdir”.