Avropa liderləri, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampın Ağ Evdə baş tutan görüşü gözlənildiyi kimi irəliləyiş gətirməyib.
News365.az-a açıqlamasında politoloq Əhməd Şahidov bildirib ki, görüşün nəticəsiz qalmasının əsas səbəbi Moskvanın irəli sürdüyü sərt şərtlərdir:
“Rusiya yalnız nəzarəti altında saxladığı ərazilərin suverenliyinin tanınacağı halda sülhə razılıq verəcəyini bəyan edib. Kremlin mövqeyinə görə, bundan sonra üçtərəfli – Tramp, Putin və Zelenski görüşünün keçirilməsi mümkündür. Lakin Avropa və Ukrayna tərəfi tamamilə fərqli yanaşma ortaya qoyur. Onlar əvvəlcə hərbi əməliyyatların dayandırılmasını və atəşkəsin elan olunmasını şərt kimi irəli sürürlər. Bu ziddiyyətlər ortaq məxrəcə gəlməyə imkan vermir”.
Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da görüşdən sonra məyusluğunu gizlətməyib:
“Tramp dəfələrlə bəyan edib ki, bu, ABŞ-ın müharibəsi deyil, daha çox Avropanın və Ukraynanın müharibəsidir. O, hətta qeyd edib ki, münaqişə əvvəlki prezident Co Bayden dövründə başlayıb və Avropa liderlərinin davranışı prosesi daha da qızışdırıb. ABŞ isə sadəcə vasitəçi rolunu oynayır. Buna görə də müharibənin dayandırılması yalnız tərəflərin qarşılıqlı güzəştlərə getməsi ilə mümkündür”.