Türkiyə rəhbərliyi uzun illərdir ki, Ukrayna-Rusiya münaqişəsinin həlli üçün dialoq və danışıqların keçirilməsinə açıq olduğunu bəyan edir.
News365.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ankara bu prosesdə həm vasitəçi, həm də danışıqların keçirilməsi üçün əlverişli məkan rolunu oynaya bilər:
“Türkiyə dəfələrlə təklif edib ki, sülh danışıqları onun ərazisində aparılsın. Son Vaşinqton görüşündən sonra da Zelenskinin bu məsələdə Türkiyənin rolunu daha çox nəzərə aldığını müşahidə etmək olar. Əgər danışıqlar Türkiyədə təşkil olunsa, rəsmi Ankara da təbii olaraq öz mövqeyini ortaya qoyacaq”.
Ekspertin sözlərinə görə, Türkiyənin üstünlüyü həm coğrafi mövqeyindən, həm də hər iki tərəflə normal münasibətlərə malik olmasından qaynaqlanır:
“Türkiyə həm Rusiya, həm də Ukrayna ilə qonşudur. Bundan əlavə, Prezident Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında yaxşı münasibətlər mövcuddur. Bu, müəyyən məsələlərin razılaşdırılmasında Ankaranın iştirakını zəruri edir. ABŞ-ın bütün cəhdlərinə baxmayaraq, real nəticə üçün Türkiyənin vasitəçiliyi daha təsirli ola bilər”.