ABŞ prezidenti Donald Tramp Ukraynada sülhün əldə olunmasını səmimiyyətlə arzulayır. Bu barədə Rusiya mediasına Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski məlumat verib.
Polyanski Ağ Ev rəhbərinin Ukraynada sülhün bərqərar olması üçün səmimiyyətlə səy göstərdiyi və bunun reallaşması üçün həqiqətən böyük işlər gördüyünü deyib. Diplomat qeyd edib ki, Rusiya tərəfi Amerikanın yeni administrasiyasına çox minnətdardır.
Xatırladaq ki, bir neçə gün öncə isə ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirmişdi. “Sky News” telekanalının məlumatına görə, siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazır olduğunu deyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural