Rusiya–Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb.
Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə cəlb edilən Ağsu rayon sakini Röyal Zabil oğlu Ömərov ilə bağlı ailəsi bir müddətdir heç bir məlumat ala bilmir.
Məlumata görə, Röyal bir müddət əvvəl işləmək məqsədilə Rusiyaya gedib. Orada tanış olduğu rusiyalı qadınla rəsmi nikaha daxil olub. Bundan sonra ona Rusiya vətəndaşı statusu verildiyi və məcburi qaydada müharibəyə göndərildiyi bildirilir.
Ailəsinin iddiasına görə, Röyalın həyat yoldaşı hazırda onun taleyi ilə bağlı Azərbaycandakı yaxınlarına heç bir məlumat vermir. Onun hansı istiqamətdə döyüşdüyü və hansı şəraitdə itkin düşdüyü hələlik məlum deyil.
Qeyd edək ki, son aylarda Rusiya–Ukrayna müharibəsində iştirak edən azərbaycanlıların həlak olması və ya itkin düşməsi ilə bağlı xəbərlərin sayı artmaqdadır.