Rus oliqarxlarının sərvətində kəskin dəyişiklik: Ələkbərov gerilədi, digərləri yüksəldi

Rus oliqarxlarının sərvətində kəskin dəyişiklik: Ələkbərov gerilədi, digərləri yüksəldi
15:15

Rusiyanın ən varlı iş adamlarının sərvətləri 2025-ci ilin ilk aylarında ciddi dəyişikliklərə məruz qalıb. Bloomberg-in “Milyarderlər İndeksi”nə əsasən, bəzi oliqarxların varidatı kəskin şəkildə azalsa da, ümumi mənzərə bütün rusiyalı milyarderlər üçün müsbət dinamikanı göstərir.

News365.az xəbər verir ki, NLMK şirkətinin Direktorlar Şurasının sədri Vladimir Lis bu il 3,07 milyard dollar itirərək sərvəti 22,8 milyard dollara enib. Bu azalma əsasən dünya polad bazarındakı dalğalanmalar, ixrac məhdudiyyətləri və logistika xərclərinin artması ilə əlaqələndirilir.

Benzin və enerji sektorunun nəhənglərindən biri sayılan “Lukoil” şirkətinin əsas benefisiarlarından Vahid Ələkbərov isə 2,58 milyard dollar itirib və hazırda onun sərvəti 22,7 milyard dollar olaraq qiymətləndirilir. Mütəxəssislər bu geriləməni qlobal neft qiymətlərində qeyri-sabitlik və texnoloji təchizat problemləri ilə əlaqələndirirlər.

Bununla belə, rusiyalı milyarderlərin ümumi vəziyyəti pisləşməyib. Əksinə, indeksə əsasən onların ümumi sərvəti ilin əvvəlindən bəri 18,1 milyard dollar artıb. Bu artım, əsasən enerji, gübrə istehsalı və yüksək texnologiya sektorunda çalışan oliqarxların kapitallarında qeydə alınan yüksəlişlə bağlıdır.

İqtisadçı ekspert Rasim Əliyev bildirib ki, Rusiyada milyarderlərin sərvətindəki bu dalğalanma geosiyasi və iqtisadi faktorların birbaşa təsirinin nəticəsidir:

“Rusiyanın ağır sənaye və enerji sektorunda çalışan iri biznesmenlər üçün 2025-ci il hələ də riskli dövr sayılır. Qlobal bazarlarda qeyri-sabitlik, sanksiya rejimində məhdudiyyətlər və logistika problemləri bəzi oliqarxların sərvətini aşağı çəkir. Lakin eyni zamanda Rusiyanın daxili iqtisadiyyatında müəyyən liberallaşma addımları və dövlətin iri sənaye layihələrinə dəstəyi digər biznes qruplarını daha da zənginləşdirir.”

Ekspertin fikrincə, yaxın aylarda rusiyalı milyarderlərin sərvətində yenidən dəyişikliklər gözlənilir:

“Əgər neft qiymətləri sabitləşsə, Ələkbərov kimi enerji sektorunda çalışan biznesmenlər itkilərini qismən kompensasiya edə bilərlər. Lakin metallurgiya və xammal ixracına bağlı iş adamları üçün risklər hələ də yüksəkdir”./// NOCOMMENT.az


Sizin reklam burada
Sizin reklam burada